“Haqq-hesab gününün Sahibinə!”
Bəzi qiraətçilər ayəni مَلِكِ “məliki” (“ə” saitini uzatmadan) oxumuş, digərləri مَالِكِ “məəliki” (“ə” saitini uzatmaqla) oxumuşlar. Hər iki qiraət doğrudur və yeddi mutavatir qiraətdə[1] sabitdir. Həmçinin, مَلِكِ “məliki” və مَلْكِ “məlki” ləm hərfi kəsrəli (“i” saiti ilə) və sakin (saitsiz) formada. Həmçinin مَلِيكِ “məliiki” (“i”saitini uzatmaqla) da deyilir. Nafi[2] “kəf” hərfinin “i” saitini uzadaraq [مَلِكِي يَوْمِ الدَّينِ] “Məlikii yəumid-din” kimi oxumuşdur. Məna baxımından tədqiqatçılar hər iki qiraəti düzgün saymışlar. Hər ikisi düzgündür. əz-Zəməxşəri isə مَلِكِ “məliki” qiraətini Məkkə və Mədinə əhalisinin qiraəti olduğu üçün üstün görmüşdür. Həmçinin, Allahın bu ayələrinə görə: “Bu gün hökm kimə məxsusdur?” (Gafir, 16), “Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır”. (əl-Ənam, 73)
مَالِك “Məəlik” (sahib) sözü الْمِلْكُ “əl-Milk” (mülk) sözündən götürülmüşdür. Belə ki, Allah buyurur: “Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır” (Məryəm, 40), başqa bir ayədə: “De: “Sığınıram insanların Rəbbinə, insanların Sahibinə” (ən-Nəs, 1-2). مَلك “məlik” (hökmdar) sözü isə الْمُلْكُ “əl-Mülk” (hökm) sözündən götürülmüşdür. Belə ki, Allah buyurur: “Allah deyəcək: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!” (Ğafir, 16), “Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır”. (əl-Ənam, 73), “Həmin gün gerçək hökm vermək ancaq ər-Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır” (əl-Furqan, 26).
Bu ayədə hökmün Haqq-hesab gününə xas edilməsi digər hallarda hökmün Allaha aid olmasını inkar etmir, çünki əvvəl xəbər verdiyimiz kimi Allah aləmlərin Rəbbidir və bu həm dünya, həm də axirət üçün ümumidir. Bu ayədə hökmün Allaha nisbət edilməsi ona görədir ki, həmin gün heç kəs heç bir şey iddia edə bilməz. Allahın izni olmadan heç kəs danışa bilməz. Belə ki, Uca Allah buyurur: “Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq” (ən-Nəbə, 38), “O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Mərhəmətli Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən” (Taha, 108), “Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq” (Hud, 105).
İbn Abbas N deyir: “Din günü, məxluqatın haq-hesab günüdür. Bu, Qiyamət günüdür, Allah onları əməllərinə görə mühakimə edəcək. Əfv olunanlar istisna olmaqla əməlləri xeyir olanların əvəzini xeyirlə, şər olanların isə əvəzini şərlə verəcək. Həmçinin, bunu İbn Abbasdan N başqa səhabələr, tabiinlər və sələflər[3] demişlər və görünən də budur.
Həqiqi hökmdar Allahdır. Uca Allah buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pakdır” (əl-Həşr, 23) Səhih əl-Buxari və Muslimin Əbu Hureyradan y rəvayət etdikləri hədisdə Peyğəmbər r demişdir: “Qiyamət günü Allah yanında ən çirkin ad, özünü padşahlar padşahı adlandıran kimsənin adı olacaq. Halbuki, Allahdan başqa hökmdar yoxdur”.[4] Həmçinin, Əbu Hureyradan y rəvayət edilir ki, Peyğəmbər r demişdir: “Allah yeri (bütünlüklə) Ovcuna alacaq, göyləri də sağ Əli ilə bükəcək, sonra da belə buyuracaq: “Hanı yer üzünün hökmdarları?! Hanı lovğalar, hanı təkəbbürlülər?!”[5] Əzəmətli Quranda: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!” (Ğafir, 16). Dünyada Allahdan qeyrilərinin hökmdar adlandırılmasına gəlincə bu məcazi mənadadır. Belə ki, Uca Allah buyurur: “Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” (əl-Bəqərə, 247), “Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi” (əl-Kəhf, 79), “O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi” (əl-Maidə, 20). Səhih əl-Buxari və Muslimdə gələn hədisdə Peyğəmbər r buyurur: “Yuxuda mənə ümmətimdən bir dəstə mücahidin bu dənizin ortasında taxtlar üzərində oturmuş hökmdarlar kimi (və ya taxtlar üzərində olan hökmdarlara bənzər) Allah yolunda dəniz döyüşünə çıxdığı göstərildi”.[6]
الدِّينِ “əd-Din” - “haqq-hesab”, “cəza” deməkdir. Belə ki, Uca Allah buyurur: “O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək” (ən-Nur, 25), “Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?” (əs-Saffət, 53). Yəni, sorğu-sual olunub, haqq-hesaba çəkiləcəyik? Hədisdə deyilir: “Ağıllı kəs odur ki, nəfsini hesaba çəkər və ölümdən sonrakı həyat üçün çalışar”.[7] Yəni, özü üçün nəfsini hesaba çəkər. Ömər y demişdir: “Hesaba çəkilməmişdən əvvəl özünüzü hesaba çəkin, əməlləriniz tərəzidə çəkilməmişdən əvvəl nəfsinizi götür-qoy edin, əməllərinizdən Xəbərdar olanın qarşısına çıxarılacağınız o böyük gün üçün tədarük görün! ”O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir” (əl-Həqqa, 18).