“Həmd olsun aləmlərin Rəbbi Allaha”

    04.11.2018

Əbu Cəfər İbn Cərir[1] S deyir: “Həmd olsun Allaha” cümləsinin mənası: “Tərif Allahdan başqa ibadət olunanlara deyil, yaratdıqlarına deyil, qullarına saysız nemətlər bəxş etdiyinə görə xalis Allaha aiddir. Bu nemətlərin sayını Ondan başqa heç kəs bilə bilməz. Mükəlləf olanların Ona itaət etməsi üçün əzalarını sağlam etməsi, fərz ibadətləri yerinə yetirmələri üçün onlara bacarıq verməsi, habelə üzərində heç bir haqq olmadan dünyada onları ruziləndirməsi, dünya ləzzətləri ilə bəsləməsi nemətdir. Bütün bunlarla bərabər qullarını tükənməz nemətləri olan əbədi Axirət həyatında əbədi qalmaları üçün səbəblərə yönəltmiş, xəbərdar etmiş və bu həyata çağırmışdır. Bütün bu nemətlərə görə əvvəlində də, sonunda da Rəbbimizə həmd olsun!”
İbn Cərir S deyir: “Həmd olsun Allaha” cümləsi tərifdir. Allah bununla Özünü tərifləyir, eyni zamanda qullarına da Ona tərif deməsini əmr edərək sanki deyir: “Həmd olsun Allaha”- deyin!” Bəziləri deyir: “Bir kəsin “Həmd olsun Allaha” deməsi, Allahı gözəl ad və sifətləri ilə tərifləməsi deməkdir. “Şükür olsun Allaha” demək isə Allaha Onun nemətlərinin və lütfünün qarşılığında tərif deməsidir”. Sonra (İbn Cərir) bunu deyənlərə rədd verməyə başlamış və xülasə olaraq qeyd etmişdir ki, bütün ərəb dilçiləri “həmd” və “şükür” sözlərindən hər birini digərinin yerinə işlədirlər, lakin (İbn Cəririn) bu iddiası gözdən keçirilməlidir. Çünki bir çox keçmiş alimlərin sözlərindən məşhur olan budur ki, “həmd”- təriflənəni təsirsiz[2] və təsirli[3] sifətlərinə görə sözlə tərifləməkdir. “Şükür” isə yalnız təsirli sifətlərə görə həm qəlblə, həm dillə, həm də əzalarla olur. Necə ki, şair demişdir:
 
أَفَادَتْكُم النَّعْمَاءَ مِنِّي ثَلاثَةٌ    يَدِي ولِسَانِي والضَّمِيرُ الْمُحَجَّبَا
 
Sizin mənə olan nemətlərinizə mən üç şeylə
Əlimlə, dilimlə və qəlbimlə qarşılq verdim.[4]
 
Alimlər “hansı daha ümumidir “həmd”, yoxsa “şükür” məsələsində iki rəy olmaqla fikir ayrılığına düşmüşlər. Təsdiqini tapan budur ki, bu iki söz arasında ümumilik və xüsusilik vardır. Təriflənən sifət baxımından “həmd” sözü “şükür” sözündən daha ümumidir. Çünki “həmd” həm təsirli, həm də təsirsiz sifətlərə görə olur. Məsələn, deyirsən: “Gözəl at çapmağına görə ona həmd etdim” və “səxavətinə görə ona həmd etdim”. Digər tərəfdən “həmd” sözü  yalnız sözlə olduğuna görə daha xüsusidir. “Şükür” isə həyata keçirilmə baxımından daha ümumidir, çünki o əvvəl qeyd etdiyimiz kimi, həm sözlə, həm əməllə, həm də niyyətlə ola bilir. Həmçinin, yalnız təsirli sifətlərə görə istifadə olunduğu üçün “şükür” sözü daha xüsusidir. Məsələn, “Gözəl at çapmağına görə ona şükür etdim” deyilmir. Amma “mənə qarşı olan səxavətinə və yaxşılığına görə ona şükür etdim” deyilir. Bu keçmiş alimlərin qeyd etdiklərinin xülasəsi idi. Allah Ən yaxşı Biləndir!
əl-Covhəri S demişdir: “Həmd” sözü “pisləmək” sözünün əksidir. Deyirsən: “Kişiyə həmd etdim”. Məsdərləri: حَمْداً “həmd” və مَحْمَدَةً “məhmədə”. Həmd edilən insan isə حَمِيد “həmid” və مَحْمُود “məhmud” adlanır. التَّحْمِيد “təhmid” sözü “həmd” sözünün mübaliğə formasıdır. “Həmd” sözü “şükür” sözündən daha ümumidir. “Şükür” barəsində isə demişdir: “O yaxşılıq edəni yaxşılığına görə tərifləməkdir. شَكَرَ “şükür etmək” feilini لـِ “ləm” önqoşmasız شَكَرْتُهُ “ona təşəkkür etdim” və önqoşma ilə işlətmək olar شَكَرْتُ لَهُ “ona təşəkkür etdim”. لـِ “ləm” önqoşması ilə işlətmək daha doğrudur.
İmam Əhməd ibn Hənbəlin rəvayət etdiyi hədisdə əl-Əsvəd ibn Sərid demişdir: “(Bir dəfə) mən Peyğəmbərə r dedim: “Ey Allahın Elçisi, Uca və Xeyirxah Rəbbimə dediyim təriflərlərlə şeirlərimdə səni də təriflərləyimmi?” Peyğəmbər r buyurdu: “Həqiqətən sənin Rəbbin tərifi sevir”.[5] ən-Nəsəi rəvayət etmişdir.[6] ət-Tirmizi, ən-Nəsəi və İbni Məcənin Cabir ibn Abdullahdan N rəvayət etdikləri hədisdə deyir: “Peyğəmbər r demişdir: “Ən fəzilətli zikr “Lə İləhə İlləllah” zikridir (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur). Ən fəzilətli dua isə “Əlhəmdulilləh” duasıdır (Həmd olsun Allaha)”.[7] ət-Tirmizi hədisi “həsən ğarib” adlandırmışdır.
İbn Məcənin hədis kitabında İbn Ömərdən N rəvayət olunan hədisdə Peyğəmbər r onlara belə buyurmuşdur: “Bir dəfə Allahın qullarından biri duasında “Ey Rəbbim! Sənə Həmd olsun! Üzünün Cəlalına, hökmünün əzəmətinə layiq olan həmd!” Bu zikr iki mələyə ağır gəldi. Onu necə yazacaqlarını bilmədilər. Onlar göyə yüksəlib dedilər: “Ey Rəbbimiz! Sənin qulun bir zikr dedi. Onu necə yazacağımızı bilmirik”. Allah qulun dediyini bildiyi halda: “Qulum nə dedi?”- soruşdu. Onlar dedilər: “Ey Rəbbimiz o qul dedi: “Ey Rəbbim! Sənə Həmd olsun! Üzünün Cəlalına, hökmünün əzəmətinə layiq olan həmd!” Allah onlara dedi: “Qulum dediyi kimi yazın ki, Mənimlə qarşılaşdığı zaman mükafatını verim”.[8]
الْحَمْدُ “əl-Həmdu” sözündəki əlif və ləm hərfləri təriflərin bütün növ və siniflərinin Allaha aid olduğunu bildirir. Necə ki, hədisdə gəlib: “Allahım təriflərin hamısı Sənədir. Mülk bütünlüklə Sənindir. Xeyir bütünlüklə Sənin əlindədir və hər işin dönüşü Sənədir”.[9]
“Rəbb” - Sahib olan və idarəedəndir (hökmdardır). Lüğəti mənada ağaya və islah etmək məqsədilə idarə edənə də deyilir. Bu mənaların hamısını Allah haqqında demək düzgündür. “Rəbb” sözü nisbət olunmadan yalnız Allah üçün işlədilə bilər. Allahdan başqaları üçün yalnız nisbət olunmaqla işlənir. Məsələn, deyirsən: “Evin rəbbi”, “bunun rəbbi” və s. Amma tək “Rəbb” sözü yalnız Allah U üçün işlənir. Bəziləri bu adın Allahın ən əzəmətli adı olduğunu deyirlər.
Aləmlərin” - “aləm” sözünün cəmidir. Allahdan başqa hər şey nəzərdə tutulur. “Aləm” sözü cəm mənalıdır, təki yoxdur. “Əvalim” isə yerdə, göydə, quruda və dənizdə yaşayan məxluqat növlərinə deyilir. Hər bir əsr və dövrdə yaşayanlar da “aləm” adlanır.

 
[1] Əbu Cəfər Muhəmməd ibn Cərir ət-Tabəri (224-310 hicri) məşhur təfsir kitabının müəllifidir.
[2] Təsirsiz sifətlər dedikdə - təriflənənin özünə xas olan və digərlərinə təsiri olmayan sifətlərdir. Məsələn: mərdlik, həya sifəti kimi.
[3] Təsirli sifətlər dedikdə - digərlərinə təsir edən sifətlərdir. Məsələn: səxavət sifəti kimi.
[4] Bu beytdən görsənir ki, şükr həm əllə, həm dillə, həm də qəlblə olur.
[5] Hədis əl-Musnəd kitabındadır (15650) (3/435 Hələb çapı) əs-Suyuti əd-Durr əl-Mənsur kitabında (1/12) bu hədisi Əhmədə əl-Buxariyə “əl-Ədəb əl-Mufrad” kitabında, ən-Nəsəi və əl-Hakimə və başqalarına nisbət etmişdir. əl-Hakimin hədisi səhih gördüyünü demişdir. (Əhməd Şakir). əl-Buxari “Ədəbul-Mufrad” 859. Hədis həsəndir. Bax; “Silsil əs-Səhihə” 3179.
[6] ən-Nəsəi “Sunənul-Kubra” 7745.
[7] ət-Tirmizi, 3383, 3711; İbn Macə, 3800; ən-Nəsəi “Sunənul-Kubra” 10599, 10677. Hədis həsəndir. Bax; “Silsilə əs-Səhihə” 1497.
[8] Hədis zəifdir. Bax; “Daif əl-Cəmi” 1877. Əhməd Şakir S demişdir: “Bu hədis kitabın əl-Əzhariyyə nüsxəsində yoxdur. Hədisi İbn Məcənın sünənindən təsbit etmişik (3801). Sənədi yaxşıdır. Sənədində tən olunmuş ravi yoxdur”.
[9] Əhməd, 23355, 23403, 23747. Hədis zəifdir. Bax; “Silsilə əd-Daifə” 6850.