Hicrətdən sonra müharibə əmri - ən-Nisa surəsi 77 - ci ayə
“Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz”.
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Abdur-Rahmən ibn Auf və onun yoldaşları Məkkəyə, Peyğəmbərin - salləllahu aleyhi və səlləm - yanına gəlib dedilər: “Ey Allahın Elçisi! Müşrik olduğumuz zaman hörmət, izzət içində idik. İman gətirdikdən sonra isə zəlil, hörmətsiz olduq”. Peyğəmbər - salləllahu aleyhi və səlləm - dedi: “Artıq (onları) əfv etmək mənə əmr olundu, elə isə müharibədən əl çəkin!” Mədinəyə hicrət etdikdən sonra müharibə etmək bizə əmr olundu, müharibədən yayındıqda isə Uca Allah bu ayəni nazil etdi: “Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi?...” (ən-Nisa, 77)”.
ən-Nəsai “Sunən” 3036, 3086, 3099; “Sunənul-Kubra” 4293, 4729, 11047; əl-Beyhəqi “Sunənul-Kubra” 17519, 18197; əl-Hakim, 2377; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 9951. əl-Albani səhih olduğunu bildirmişdir.