Münafiqlərin Uhud döyüşünü tərk etmələri - ən-Nisa surəsi 88 - 90 - cı ayələr
“Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən. Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan özünüzə dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun. Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vuruşmanıza yol verməz”
Rəvayət edilir ki, Zeyd ibn Sabit (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər - salləllahu aleyhi və səlləm - Uhud döyüşünə getdikdə onunla olanların bir qismi (Abdullah ibn Ubey ibn Səlul və onun tərəfdarları) geri qayıtdı. Beləliklə, Peyğəmbərin - salləllahu aleyhi və səlləm - səhabələri iki dəstəyə bölündülər. Bir dəstə kafirlərlə vuruşmağı, digəri isə vuruşmamağı təklif etdikdə Uca Allah bu ayəni nazil etdi: “Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə qaytarmışdır…” (ən-Nisa, 88). Peyğəmbər - salləllahu aleyhi və səlləm - dedi: “Həqiqətən Mədinə “Teybədir” (Mədinə şəhərinin digər adı – “Təmiz”) və od dəmirin pasını təmizlədiyi kimi o da günahları təmizləyir”.[1]
əl-Buxari, 1889, 4050, 4589; Əhməd, 21639, 21677; İbn Əbu Şeybə “Musnəd” 125, “Musannəf” 37944.