"əl-Bəqərə" surəsinin ilk beş ayəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Əlif Ləm Mim. 2. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. 3. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər; 4. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. 5. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
əl-Bəqərə (İnək) surəsinin ilk beş ayəsinin izahı
Əlif Ləm Mim.
Bu kəlmə ərəb əlifbasının üç hərfindən ibarətdir. Təfsir alimlərinin əksəriyyəti bir araya gələn bu hərflərin mənasının yalnız Allaha agah olduğunu deyirlər. Bəziləri isə bu hərflərin ya Allahın adlarına, ya da başqa müəyyən şeylərə işarə etdiyini irəli sürürlər. Lakin onların bu dediklərinin heç bir elmi əsası yoxdur. Digərləri isə bunların ərəb dili baxımından heç bir məna daşımayan hərflər olduğunu deyirlər.
Bu və ya digər hərflərin bəzi surələrin əvvəlində zikr edilməsinin hikməti ondan ibarətdir ki, insanların Qurana bənzər ayələri gətirməkdə aciz olduğu bildirilərək, Quranın ecazkarlığı bəyan edilir. Baxmayaraq ki, Quran ərəb əlifbasının hərflərindən ibarətdir, insanlar onun bənzərini gətirməkdə acizdirlər. Məhz buna görə də bəzi surələrin əvvəlində gələn hərflərdən sonra mütləq Quranla və ya vəhylə bağlı bir şey zikr edilir.
Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.
Bu Kitab Qurani-Kərimdir. Onun Allah tərəfindən göndərilməsinə qətiyyən şübhə etməyin. Müttəqi təqva sahibi olan mömin deməkdir. Təqva Allahın əmrlərini yerinə yetirmək və Onun qadağan etdiyi şeylərdən çəkinməkdir. Qurani-Kərim müttəqilərə doğru yolu açıq-aydın dəlillərlə göstərir. Uca Allah buyurur:
“Ey insanlar! Rəbbinizdən sizə bir ِöyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstəricisi və mərhəmət gəlmişdir. De: "Bunlar Allahın lütfü və mərhəməti sayəsindədir!" Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir” (Yunus, 57-58).
Bu və buna bənzər bir çox ayələr Quranın yalnız möminlərə fayda verməsinə dəlalət edir. Çünki, Quran hidayət nurudur, ona yalnız xeyirxahlar nail ola bilərlər. Uca Allah buyurur:
“Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır" (əl-Qasas, 56).
O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər;
Burada qeyb dedikdə, insan zəkasının dərk etmədiyi, istər Allahın ad və sifətləri, istərsə də keçmişdə və gələcəkdə olanlar barəsində Allahın və Onun elçisinin verdiyi xəbərlər nəzərdə tutulur. Müttəqilər bunlara iman gətirirlər. Ümumiyyətlə, qeybə iman gətirmək imanın altı əsasını ِözündə cəm edir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrayılın: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “İman Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Uca Allah bu haqda belə buyurur:
“Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən şəxslərdir” (əl-Bəqərə, 177).
Habelə, onlar həm fərz, həm də nafilə namazları vaxtlarına, dəstəmazına, rukusuna və səcdəsinə riayət edərək qaydasında qılırlar. Namaz ən əzəmətli ibadət və insanı Allaha yaxınlaşdıran ən üstün əməldir. Namaz İslamın beş əsasından ikincisi hesab edilir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8).
Müttəqilər Allahın onlara ruzi olaraq bəxş etdiyi mal-dövlətdən Allah yolunda ilk növbədə vacib buyurulan zəkatı verir, sonra həm öz ailələrinə, həm də ehtiyacı olan digər insanlara sərf edirlər. Sonra Uca Allah onları vəsf etməyə davam edərək buyurur:
O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.
Onlar həm Muhəmməd peyğəmbərə nazil olan Qurana, həm də ondan əvvəlki elçilərə nazil olan Tövrata və İncilə iman gətirir və məhz onlar axirətə də şəkk-şübhə etmədən yəqinliklə iman gətirirlər. Uca Allah buyurur:
"Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür" (ən-Nisa, 136).
Habelə, onlar ِöldükdən sonra Qiyamət günü dirilməyə, Cənnətə və Cəhənnəmə, sorğu-suala və əməllərin tərəzidə çəkilməsinə də inanırlar. Bunların hamısı axirətə olan imana daxildir. Axirət sözü axırıncı deməkdir. Axirət insanın gedecəyi son mənzil olmasına görə belə adlandırılmışdır.
Onlar ِöz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
Uca Allah bu ayədə "onlar" deyərək Quranla hidayət olunan müttəqiləri nəzərdə tutur, həmçinin, bu sözü təkrar söyləyərək onların fəzilətini və yüksək dərəcələrini qeyd edir. Əvvəlki ayələrdə qeyd edilən sifətlərə sahib olan müttəqilər Allahın lütfü və mərhəməti sayəsində həm elm, həm də əməl baxımından doğru yola yönəldilmişlər. Məhz belələri dünya və axirətdə nicat tapanlardır.