İslama görə qızdırma necə müalicə edilir?

    30.01.2019
Kimdən: 
Kişi 33 yaş
Sual: 
Salam aleykum. İslamda qizdirmanin mualicesi ile bagli vasiteler bildirilibmi ?
Cavab: 

Və aleykum Salam. Sünnədə qızdırmanın su ilə müalicəsi bildirilmişdir:

a) bədənə soyudulmuş və ya içinə buz tikələri qoyulmuş ağ sarğı istiliyin dərəcəsini salmaq üçün tətbiq edilir;

b) qızdırmanın şiddətləndiyi böhranlı hallarda xəstəyə su içirməklə orqanların öz vəzifələrini normal yerinə yetirməsi təmin edilir. 

ən-Nafi, İbn Ömərdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Şübhəsiz ki, qızdırma və ya qızdırmanın yüksək hərarəti Cəhənnəmin qaynamasındandır, onu su ilə sərinlədin". (Səhih əl-Buxari; Səhih Muslim; Sunən ən-Nəsai; Sunən İbn Məcəh, İmam Malik "Muvatta"; İmam Əhməd "Musnəd").

Əbu Cəmrə Nasr ibn İmran əz-Zubeyrdən belə nəql edir ki, Əbu Cəmrə demişdir: "Məni Məkkədə qızdırma tutanda ibn Abbasla bir yerdə idim. İbn Abbas Zəmzəm suyu ilə sərinlənməyimi məsləhət gördü və bundan sonra dedi ki: Allahın Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun): "Qızdırma Cəhənnəmin hərarətindəndir, onu su ilə sərinlədin" və ya "zəmzəm suyu ilə sərinlədin" buyurmuşdur. (Səhih əl-Buxari).

Əbu Nuaym və başqaları Ənəsdən (Allah ondan razı olsun) mərfu olaraq belə rəvayət etmişdirlər: "Sizlərdən biriniz qızdırmaya tutulduğu zaman üç gecə və səhər vaxtlarında üstünə soyuq su töksün". (Əbu Nuaym "Hilyətul-Ovliya" kitabı, Səhih ən-Nəsai və əl-Hakim, Ziayəl-Məqdəsi "əl-Muxtara" kitabı).
Həmçinin belə rəvayət edilmişdir: "Qızdırma cəhənnəmin körüyündəndir. Onu özünüzdən soyuq su ilə dəf edin". (Əbu Ya'lə və ət-Tabərani "əl-Əvsat" kitabı).
Müsnəddə və digər əsərlərdə Həsənin Səmuradən mərfu olaraq rəvayət etdiyi hədisdə isə belə deyilmişdir: "Qızdırma Oddan bir qətrədir. Sizə göstərdiyi təsirini soyuq su ilə yüngülləşdirin".
Allahın Elçisini qızdırma tutduğu zaman bir dəsti su istəyər, suyu başından aşağı əndərərək qüsl edərdi.

Əbu Hureyrə isə belə rəvayət edir: "Peyğəmbərimizin yanında qızdırmadan söz düşdü. Adamlardan biri qızdırma haqqında eşidincə, onunla bağlı pis bir söz işlətdi. Ona görə Allahın Elçisi: "Qızdırma haqqında pis söz deməyin, çünki qızdırma - odun dəmirin pasını apardığı kimi, günahları aparır" deyə buyurdu.

Həmçinin, Əbu Hureyrə belə deyir: "Mənə qızdırmadan daha çox sevdiyim bir xəstəlik rast gəlməmişdir, çünki qızdırma bütün orqanlarıma yayılır. Uca Allah da hər orqanın savabını ayrı-ayrılıqda bəxş edir".
Həmçinin oxuyun:

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

Xəstəliklərin günahlara kəffarə olması

Paylaş: