Yalandan and içmək - əl-Maidə surəsi 106 - 108 - ci ayələr
“Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm gəldiyi zaman, vəsiyyət vaxtı içinizdən iki ədalətli kişi, bir yerə səfərə çıxdığınız zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan iki kişi aranızda şahidlik etsin. Əgər özünüzdən olmayan şahidlərə şübhə etsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar: “Biz bu andımızı lap yaxın qohumlara belə heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq”– deyə and içsinlər. Əgər hər ikisinin günah iş tutduqları aşkar edilsə, o zaman onların yerini haqsızlığa məruz qalanlardan ölən şəxsə daha yaxın olan iki kişi tutar və onlar: “Əlbəttə, bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğrudur və biz həddi aşmadıq. Əks halda biz, şübhəsiz ki, zalımlardan olarıq”– deyə and içərlər. Bu, onların olduğu kimi şahidlik etmələri və ya andlarının sonradan varislər tərəfindən başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və qulaq asın! Allah günahkar tayfanı doğru yola yönəltməz”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bənu Səhm qəbiləsindən olan bir kişi Təmim əd-Dari və Adiy ibn Bədda ilə birlikdə səfərə çıxdılar. Bu kişi müsəlmanlar olmayan bir yerdə vəfat etdi. Onlar bu kişidən qalan miras malını geri gətirdikləri zaman üzərinə qızıl örtük çəkilmiş gümüş camı itirdilər. Allah Elçisi - sallallahu aleyhi və səlləm - də onlara buna görə (doğrudan da camı itirdiklərinə görə) and içməyi əmr etdi. Sonra bu cam Məkkədə tapıldıqda onun sahibləri belə dedilər: “Biz bu camı Təmim və Adiydən satın almışıq”. Bu zaman ölən kişinin qohumlarından iki nəfər qalxıb and içərək dedilər: “Şübhəsiz ki, bizim şəhadətimiz onların şəhadətindən daha haqlıdır və bu cam əvvəlki sahiblərinə (Bənu Səhm qəbiləsindən olan kişinin varislərinə) çatmalıdır!” Onlara aid də bu ayə nazil oldu: “Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm gəldiyi zaman, vəsiyyət vaxtı içinizdən iki ədalətli kişi, bir yerə səfərə çıxdığınız zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan iki kişi aranızda şahidlik etsin...” (əl-Maidə, 106-108)”.
əl-Buxari, 2780, 5551; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 13016; 12966; İbn Kəsir “Təfsir” 3/219; Əbu Davud, 3608; ət-Tirmizi, 3337.