Tərəzi haqqında
Axirətə iman gətirməklə bağlı digər bir məsələ də Qiyamət günü tərəzinin qoyulacağına iman gətirməkdir. Burada bir dili və iki gözü olan həqiqi tərəzi nəzərdə tutulur. Həmin tərəzidə insanların əməlləri çəkiləcək, zərrə qədər yaxşı və pis işləri hesaba alınacaqdı. Uca Allah buyurur:
“Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir” (əl-Ənbiya, 47).
O, həmçinin buyurur: “O gün kimin tərəziləri ağır gələrsə, xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, məskəni Haviyə olacaqdır” (əl-Qariə, 6-9).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra qüdrətli və qüvvətli Allah buyuracaq: “Bunlardan birini inkar edə bilərsənmi? Əməlləri yazan gözətçi mələklərim sənə zülm ediblərmi?”
Adam: “Xeyr, ya Rəbb!”– deyə cavab verəcək. Allah buyuracaq: “Sənin üzrün və ya savabın varmı?” Adam qorxu içində: “Xeyr, ya Rəbb!”– deyə cavab verəcək. Allah buyuracaq: “Əksinə, dərgahımızda sənin üçün bir savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək.” Bu vaxt onun qarşısına içində “Əşhədu əl-lə iləhə illəllah və ənnə Muhəmmədən rəsulullah” yazılmış bir kağız parçası qoyulacaq. Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxacaq. Əslində heç bir şey içində Mərhəmətli və Rəhmli Allahın Adı olan şeydən ağır gələ bilməz.” (ət-Tirmizi, 2639).