Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

    23.03.2014
Sual: 
Salam aleykum. Teyemmüm ne deməkdir? Teyemmümü batil eden hallar onun qaydaları ve hansı hallarda teyemmüm etmeye esas verilir baresinde zehmet olmasa, etraflı yazardiz. Allah razı olsun.
Cavab: 
Və aleykum Salam. Təyəmmüm pak torpaq ilə təmizlənmək deməkdir. Uca Allah buyurur: "...Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü və əllərinizi məsh edin)..." (əl-Maidə, 6).
Peyğəmbərimiz ﷺ demişdir ki: "Pak torpaq, müsəlmanın təmizləyicisidir. Hətta on il ərzində su tapmasa, yenə də torpaq onu əvəz edər". (Əbu Davud, 322). 
Təyəmmüm almaq üçün ovucları "Bismilləh" dedikdən sonra bir dəfə torpağa və ya təbii toza batırıb üzə sürtmək, sağ əli sol əlin biləyinə qədər üstünə sürtmək və sol əli sağ əlin biləyinə qədər üstünə sürtmək kifayət edir. Təyəmmüm həm qüslu, həm də dəstəmazı əvəz edir. Su tapmadıqda, yaxud xəstəlik və ya şiddətli soyuq hava səbəbi ilə suyun zərər verəcəyindən qorxduqda təyəmmüm etməyə icazə verilir. İmran ibn Huseyn ﷺ deyir: "Biz Peyğəmbərlə səfərdəydik. O camaata namaz qıldırdıqda bir nəfərin tənha dayandığını gördü və soruşdu: Namaz qılmaq üçün sənə nə mane olur? Həmin adam dedi: Boynuma cənabət qüslü düşüb, çimməyə isə su yoxdur. Peyğəmbər  dedi: "Torpaqla təmizlən, o sənin üçün suyu əvəz edər". (əl-Buxari, 344).
Cabir (Allah ondan razı olsun) deyir: "Biz səfərə çıxmışdıq. Aramızdan bir nəfərə daş dəyib onun başını yardı. Sonra həmin adam pollyusiya (yuxuda ikən spermanın ifraz olunması) oldu və ətrafında olanlardan soruşdu ki, təyəmmüm etməyim üçün rüsxət görürsünüzmü? Onlar dedilər: Sən sudan istifadə edə bildiyin üçün sənə rüsxət yoxdur. Sonra həmin adam qüsl edib öldü. Sonra biz Peyğəmbərin yanına gəldikdə bu haqda ona xəbər verdilər və o dedi: "Onu öldürüblər, Allah da onları öldürsün. Əgər bilmirdilərsə, soruşardılar! Həqiqətən cahilliyin dərmanı soruşmaqdır". (Əbu Davud, 337). 
Amr ibn əl-As deyir: "Mən Zətus-Səlasil döyüşünə göndərildiyim vaxt soyuq bir gecədə pollyusiya olmuşdum. Çimib həlak olacağımdan ehtiyatlanıb təyəmmüm etdim, sonra yol yoldaşlarıma imamlıq edib sübh namazını qıldırdım. Peyğəmbərin yanına gəldiyimizdə bu haqda ona xəbər verdik və o dedi: Ey Amr, sən yol yoldaşlarına cünublu halda imamlıq edib namaz qıldırmısan? Mən dedim: Mən, Uca Allahın bu ayəsini, "...özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (ən-Nisa, 29) - xatırlayıb, təyəmmüm etdim, sonra namaz qıldım. Bunu eşidəndə Peyğəmbər ﷺ güldü və heç bir söz demədi". (Əbu Davud, 323).
Ayədəki pak torpaq yer üzü, pak yer və ya pak torpaq mənasını verir. Buna görə də insan əllərini yerə vurub, orada torpağın olub-olmamasından asılı olmayaraq, təyəmmüm edə bilər. Çünki ərəb dilində ayədə keçən əs-said sözü təkcə torpaq mənasını vermir. Onun mənası yer üzü deməkdir. Burada torpaq və ya başqa şeylərin fərqi yoxdur. Əgər hansısa bir yer torpaq deyil, təmamilə daşdan ibarət olsa və təyəmmüm etmək istəyən kimsə əllərini həmin daşa vurub təyəmmüm etsə, etdiyi əməl doğru sayılar. 
Təyəmmüm etməyin qaydası isə haqıında isə Ammar ibn Yasir deyir: "Bir dəfə mənim boynuma cənabət qüslu gəldi və su tapa bilmədiyim üçün torpağın üzərində yumbalanıb namaz qıldım. Sonra mən bu haqda Peyğəmbərə xəbər verdim və o buyurdu: "Belə etməyin kifayət edərdi deyib, əllərini yerə vurdu və sonra oraya üfürdü, sonra üzünə və əllərinə məsh etdi". (əl-Buxari, 347). 
Əslində təyəmmüm dəstəmazı əvəz edir və dəstəmazla edilməsi icazə verilən işləri təyəmmümlə də etmək olar. Həmçinin, dəstəmazda olduğu kimi namazın vaxtı daxil olmamış təyəmmüm etmək və onunla istədiyin qədər namaz qılmaq olar. 
Dəstəmazı batil edən amillər, təyəmmümü də batil edir. Həmçinin su tapmayan su tapdıqda və sudan istifadə etməyə qadir olduqda təyəmmüm batil olur. Su tapana və ya sudan istifadə etməyə qadir olana qədər təyəmmümlə qılınan namazlar isə doğru sayılır. Əbu Səid əl-Xudri deyir: "İki nəfər səfərə çıxır. Namazın vaxtı daxil olduqda su olmadığından, torpaqla təyəmmüm edib namazı qılırlar. Sonra, namazın vaxtı çıxmamış su tapırlar. Onlardan biri dəstəmaz alıb namazı yenidən qılır, digəri isə bunu etmir. Sonra onlar Peyğəmbərin anına gəlib bu haqda ona danışdılar. Peyğəmbər  namazı yenidən qılmayana dedi: "Sən sünnəyə uyğun hərəkət etmisən və sənin namazın doğru sayılır". Dəstəmaz alıb namazı yenidən qılana isə dedi: "Sən iki dəfə savab qazanmısan". (Sunən Əbu Davud, 327). 
Faydalı məlumat: Üzəri sarğılanmış yarası, yaxud gibsə qoyulmuş sınığı olan kimsə bu yerləri yumur, üzərinə məsh çəkmir və ya bunun üçün təyəmmüm etmir. 
Bunun dəlili Uca Allahın bu ayəsidir: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər...". (əl-Bəqərə, 286). 
Həmçinin, Peyğəmbər ﷺ demişdir: "Mən sizə bir işi əmr etmişəmsə ona bacardığınız qədər əməl edin". (Muslim, 639).  
Quran və səhih hədislər isbat edir ki, insanın qüdrəti xaricində olan hər bir işin məsuliyyəti onun boynundan götürülür və o işdən imtina etmək şəriətdən sayılır. Şəriət yalnız Quran və səhih hədislərə əsaslanır. Nə Quranda nə də səhih hədislərdə, sarğının, gibsin və ya yuya bilmədiyi əzanın üzərindən məsh çəkmək haqqında heç bir məlumat gəlməmişdir. Ona görə, bu fikiri (yəni, sarğı və ya gibsin üzərindən məsh çəkmək və ya təyəmmüm etmək fikrini) söyləmək əsassızdır. 
Divar ilə təyəmmüm etməyin icazəli olması barəsində isə İbn Abbas (Allah onlardan razı olsun) deyir: "Mən və Peyğəmbərin yoldaşı Məymunənin köləsi Abdullah ibn Yəsar, Əbu Cuheym ibn əl-Haris ibn əs-Səmmət əl-Ənsarinin (Allah onlardan razı olsun) evinə daxil olduq və Əbu Cuheym (Allah ondan razı olsun) dedi: "Peyğəmbər "Cəməl" (Mədinə şəhəri yaxınlığında yerləşən ərazi) quyusu tərəfdən gəldikdə bir nəfər kişi onu görüb salam verdi. Peyğəmbər isə, ona bir cavab vermədən, divara tərəf gedərək ondan üzünə və əllərinə sürtdü (təyəmmüm etdi), sonra kişinin salamını qaytardı". (əl-Buxari, 337).
Burada divar daş və ya palçıqdan olmalı, üzərində boya və ya kağız olmamalıdır.
Teqlər: 
Paylaş: