Allahın "əl-Muhyi" və "əl-Mumit" adlarının mənası
"Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər. Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər. Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir" (ər-Rum, 48-50).
"De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz" (əl-Əraf, 158).
Həmçinin, səhih hədisdə rəvayət edilir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Kim səhər açıldıqda on dəfə: “Allahdan başqa həqiqi tanrı yoxdur, O təkdir və şəriki də yoxdur. Mülk Ona məxsusdur və həmd yalnız Onadır. O dirildir və öldürür və O, hər şeyə qadirdir!" - deyərsə, Allah bu zikrin hər birinə görə onun üçün on savab yazar, on günahını silər, on dərəcə yüksəldər və on qul azad etməyə bərabər mükafat verər. Bu sözlər günün əvvəlindən sonunadək onu qoruyan silahlı dəstə olar və bu əməl o gün edilən əməllərdən ən üstünü olar. Kim bunu axşam deyərsə, eyni savabı əldə edər“. (Musnəd İmam Əhməd, 23401, 23614).
əl-Muhyi və əl-Mumit olan Allah bütün canlıları yaradan və onlara həyat bəxş edəndir. O, iman gətirən bəndələrinin qəlblərini hidayət nuru ilə dirildir. İnsanları öldürən və Qiyamət günü yenidən dirildən də Odur. Uca Allah buyurur: "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız" (əl-Bəqərə, 28).