Qənimətlər haqda - əl-Ənfal surəsi 1 – 5 - ci ayələr
“Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin. Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, namaz qılar və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. Onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır. Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda Bədrə getmək üçün evindən çıxartdı. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi”
Musab ibn Səd atasının belə dediyini rəvayət edir: “Bədr döyüşü günü qənimətdən olan bir qılınc götürüb Peyğəmbərə - sallallahu aleyhi və səlləm - dedim: “Ey Allahın Elçisi! Artıq Allah məni müşriklərdən intiqam almaq kimi arzuma çatdırdı. Bu qılıncı mənə bağışla!” O dedi: “Bu nə sənə, nə də mənə məxsusdur!” Mən öz-özümə fikirləşdim ki, “ola bilsin ki, o bu qılıncı məndən az əziyyət çəkənə verəcək”. Bu vaxt Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənim yanıma gəlib dedi: “Sən bu qılıncı məndən istədiyin vaxt o mənə məxsus deyildi. İndi isə o mənimdir və mən onu sənə hədiyyə edirəm”. Allah da bu ayəni nazil etdi: “Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin” (əl-Ənfal, 1)”.
ət-Tirmizi, 3079, 3359; Əbu Davud, 2742; Əhməd, 1538; ən-Nəsəi “Sunənul-Kubra” 11132, 11196; əl-Beyhəqi “Sunənul-Kubra” 12491, 13087; əl-Hakim, 2595. əl-Hakim, əz-Zəhəbi, Muqbil və əl-Albani səhih olduğunu bildirmişlər.
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - Bədr döyüşündə dedi: “Kim filan əməli etsə, qənimətdən ona filan qədər düşəcək!” Cavanlar bunu eşidən kimi düşmənin üzərinə hücuma atıldılar, yaşlılar isə bayraqların yanında qaldılar. Müsəlmanlar qalib gəldikdən sonra yaşlılar dedilər: “Biz arxada dayanıb sizə dayaq olmuşuq ki, məğlub olsanız qayıtmağa yeriniz olsun. Ona görə də qənimətdə bizim də payımız var!” Cavanlar bunu qətiyyətlə inkar edib dedilər: “Allahın Elçisi bunu bizə məxsus etmişdir!” Uca Allah da bu ayələri nazil etdi: “Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin. Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, namaz qılar və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. Onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır. Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda Bədrə getmək üçün evindən çıxartdı. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi” (əl-Ənfal, 1-5). Sonra o dedi: “Bu onların xeyrinə idi. Elə isə mənə itaət edin, çünki mən bunun aqibətini sizdən daha yaxşı bilirəm”.
Əbu Davud, 2737; əl-Beyhəqi “Sunənul-Kubra” 12492, 12597. əl-Hakim, əz-Zəhəbi, və əl-Albani səhih olduğunu bildirmişdir.
İbn Abbas (Allah ondan razı olsun) “Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir” ayəsi haqda belə demişdir: “Qənimətlər heç bir kimsəyə deyil, yalnız Allah Elçisinə - sallallahu aleyhi və səlləm - məxsus idi. Müsəlmanların dəstələri döyüşdə bir qənimət əldə etdikdə, ona gətirərdilər. Kim bir iynə və ya ip gizlədərdisə, xainlərdən sayılardı. Müsəlmanlar Allah Elçisinə - sallallahu aleyhi və səlləm - qənimətlərdən onlara da verilməsini xahiş etdilər. Allah buyurdu: “Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər…” – Mənə aiddir, Mən onu öz Elçimə verdim, o sizə məxsus deyil. “Elə isə Allahdan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin”, sonra Allah bu ayəni nazil etdi: “Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir” (əl-Ənfal, 41). Bundan sonra qənimətlərin beşdə biri Allah Elçsinə və ayədə qeyd edilən kəslərə paylanıldı”.
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 15667, 15741; İbn Əbu Hatim “Təfsir” 8766; əl-Beyhəqi “Sunənul-Kubra” 12498, 13094. Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.