ən-Nəhl surəsi 75 – 76 - cı ayələr
“Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir. Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) “Allah eləcə də iki kişi barəsində məsəl çəkdi...” (ən-Nəml, 75 - 76) ayəsi haqda demişdir: “(Bu ayə) Qureyş qəbiləsindən olan bir kişi və onun quluna aid nazil olmuşdur: “Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?”- ayəsində isə misal çəkilən iki kişidən biri Osman ibn Əffan, digəri də onun lal köləsidir ki, göndərildiyi yerdən xeyirlə qayıtmazdı. O zaman Osman himayədarlıq edərək onu yaşayış üçün zəruri olan bütün şeylərlə təmin edir və ona kifayət qədər qayğı göstərirdi. Köləsi isə İslama pis münasibət bəsləyib onu inkar edir və hətta Osmanı da sədəqə verib yaxşı işlər görməkdən çəkindirirdi. Odur ki, bu ayə onlar barəsində nazil oldu”.
ət-Tabəri “Cəmiul-Bəyən” 21945; İbn Kəsir “Təfsir” 4/589; əs-Suyuti “Durrul-Mənsur” 9/87; İbn Əbu Hatim “Təfsir” 13460. Muqbil, Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.