ən-Nəhl surəsi 126 – 128 - ci ayələr
“Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir. Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir”
Rəvayət edilir ki, Ubey ibn Kəb (Allah ondan razı olsun) demişdir: “Uhud döyüşündə ənsarlardan altmış dörd, mühacirlərdən isə altı kişi şəhid oldu. Onlardan biri də Həmzə idi. Müşriklər onların cəsədlərini eybəcər hala saldıqları üçün ənsarlar: "Əgər bir də onlarla döyüşsək, mütləq ikiqat əvəzini çıxacağıq"- dedilər və Məkkənin fəthi günü Uca Allah bu ayəni nazil etdi: “Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir” (ən-Nəhl, 126). Bir kişi dedi: “Bu gündən Qüreyş məhv oldu!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - isə dedi: “Dörd nəfərdən başqa hamını bağışlayın!”
ət-Tirmizi, 3129, 3421; ən-Nəsəi “Sunənul-Kubra” 11215, 11279; əl-Hakim, 3368. Şeyx əl-Albani isnadının həsən səhih olduğunu bildirmişdir.