ən-Nəhl surəsi 110 - cu ayə
“Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib çətinliklərə dözənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir”
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəstə Məkkəli İslamı qəbul etmiş və bunu müşriklərdən gizlətmişdi. Bədr döyüşü günü müşriklər onları özləri ilə getməyə məcbur etdilər. Onlardan bəziləri bu döyüşdə yaralandı, bəziləri də öldürüldü. Müsəlmanlar: «Onlar bizim müsəlman qardaşlarımız idi və bu döyüşə məcburiyyət qarşısında gəlmişdilər»- deyib onlar üçün bağışlanma dilədilər. Uca Allah da bu ayəni nazil etdi: “Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”- deyəcəklər. Mələklər də onlara: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”- deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir” (ən-Nisa, 97). Səhabələr bu ayəni məktuba yazaraq Məkkədə qalan müsəlmanlara göndərib bildirdilər ki, onların orada qalması üçün heç bir üzür yoxdur. Onlar Mədinəyə hicrət etdikdə müşriklərlə rastlaşdılar və onların fitnəsinə məruz qaldılar (və qayıtdılar). Uca Allah da bu ayəni nazil etdi: “İnsanların arasında: “Allaha iman gətirdik!”- deyənləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”- deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?” (əl-Ənkəbut, 10). Müsəlmanlar bu ayəni də yazıb onlara göndərdilər. Bu dəfə onlar yenə də Məkkədən çıxdılar və hər bir xeyirdən ümidlərini üzdülər. Uca Allah da bu ayəni nazil etdi: “Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib çətinliklərə dözənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir” (ən-Nəhl, 110). Müsəlmanlar bu ayəni də onlara yazıb Allahın onlara yol açdığını bildirdilər. Onlar Mədinəyə hicrət edərkən müşriklərlə rastlaşdılar və onlarla döyüşdülər. Onlardan bəziləri öldürüldü, bəziləri isə qaçıb canını qurtardı”.
ət-Tabəri “Cəmiul-Bəyən” 22089; İbn Kəsir “Təfsir” 2/389. Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.