əl-İsra surəsi 110 – 111 – ci ayələr
“De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut. De: "Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!" Onu tərifləyərək uca tut”
İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın: “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl...” ayəsini izah edib demişdir: “Bu ayə Peyğəmbər - sallallahu aleyhi və səlləm - Məkkədə gizlin dəvət apardığı zaman nazil olmuşdur. O, əshabələri ilə birlikdə namaz qılarkən Quranı uca səslə oxuyardı. Müşriklər də bunu eşitdikdə həm Quranı, həm onu nazil edəni, həm də onu təbliğ edəni söyərdilər. Onda uca Allah Peyğəmbərinə - sallallahu aleyhi və səlləm - bu ayəni nazil etdi: “Namazını nə uca səslə qıl” yoxsa müşriklər sənin oxuduğunu eşidib, Quranı təhqir etsinlər, “nə də pıçıltı ilə” (oxu) yoxsa sənin nə oxuduğunu eşitməzlər. “Bunların arasında orta bir yol tut”. (əl-İsra, 110)”.
əl-Buxari, 4445, 4722, 7490; Muslim, 447; ət-Tirmizi, 3145.