əl-Furqan surəsi 27 – 29 - cu ayələr
“Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Əbu Muit çox mülayim adam olduğu üçün Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - birgə olarkən ona əziyyət verməzdi. Digər qüreyşlilər isə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanında olduqda ona əziyyət verərdilər. Əbu Muitin sevimli bir dostu Şamda idi. Qüreyşlilər dedilər: “Əbu Muit dinindən dönmüşdür!” Əbu Muitin dostu gecə ikən Şamdan qayıtdı və həyat yoldaşına dedi: “Məhəmməd nə edir? Yenə öz fəaliyyətini davam etdirirmi?” O dedi: “Əvvəlkindən də artıq davam etdirməkdədir”. O: “Bəs dostum Əbu Muit nə edir?”- deyə soruşdu. Zövcəsi dedi: “O dinindən dönmüşdür!” O, gecəni çox narahat yatdı və səhəri gün Əbu Muitin yanına gəldi. Əbu Muit ona salam verdikdə, onun salamını almadı. Əbu Muit dedi: “Sənə nə olub ki mənim salamımı almırsan?!” O dedi: “Salamını necə alım ki, artıq sən dinindən dönmüsən”. Əbu Muit dedi: “Bunu sənə Qüreyş deyib?” O dedi: “Bəli!” Əbu Muit dedi: “Mən nə edim ki, onların qəlbləri rahatlaşsın?” O dedi: “Sən onun yanına gedib üzünə tüpürməli və pis söyüşlə onu təhqir etməlisən”. O belə də etdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - isə üzünü silib ona tərəf baxdı və dedi: “Əgər səni Məkkə dağlarından kənarda tutsam boynunu vuracağam!” Bədr günü müşriklər döyüşə gedərkən o, döyüşdən imtina etdi. Dostları ona: “Gəl bizimlə gedək!”- deyə təklif etdikdə, o dedi: “O kişi (Məhəmməd - sallallahu aleyhi və səlləm) vəd etmişdir ki, məni Məkkə dağlarından kənarda tutsa boynumu vuracaq”. Onlar dedilər: “Sənin elə bir qırmızı dəvən var ki, o, ona çata bilməz. Əgər məğlub olarıqsa, dəvəni minib qaçarsan”. O onlarla birgə döyüşə getdi. Allah müşrikləri məğlub etdikdə isə dəvəsi onu düz bir yerdə palçığa saldı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - yetmiş qüreyşli ilə birlikdə onu da əsir götürdü. Əbu Muit onun yanına gəldikdə dedi: “Bunların içərisindən yalnız məni öldürəcəksən?!” Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: “Bəli, çünki üzümə tüpürmüsən!” Uca Allah da bu ayələri nazil etdi: “Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır” (əl-Furqan, 27-29)”.
əs-Suyuti “əd-Durrul-Mənsur” 11/163; əş-Şəukani “Fəthul-Qadir” 5/276. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.