əl-Furqan surəsi 68 - ci ayə
“Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar”
Rəvayət edilir ki, Abdullah (ibn Məsud) (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) mən Allah Elçisindən - sallallahu aleyhi və səlləm - soruşdum: “Hansı günah Allah yanında ən böyük günah sayılır?” Dedi: “Səni yaradan Allaha (başqa birisini) tay tutmağındır!” Sonra (yenə) soruşdum: “Bəs sonra hansıdır?” Dedi: “Övladının səninlə birgə yemək yeyəcəyindən qorxub onu öldürmək!” Mən soruşdum: “Sonra hansıdır?” Dedi: “Qonşunun zövcəsi ilə zina etmək!” Uca Allah onun dediyini təsdiq edib, bu ayəni nazil etdi: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər” (əl-Furqan, 68)”.
əl-Buxari, 4761, 6861; Muslim, 132, 268.
Rəvayət edilir ki, ibn Abbas (Allah ondan razl olsun) demişdir: “Müşriklərdən olan bir zümrə çox adam öldürmüş və dəfələrlə zina etmişdi. Sonra Muhəmmədin r yanına gəlib dedilər: “Sənin danışdıqların və dəvət etdiyin yol gözəldir. Bir de görək, bizim etdiyimiz (bu günahların) kəffarəsi varmı?” Onda bu ayə nazil oldu: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar” (əl-Furqan, 68). (Sonra da) bu ayə nazil oldu: “(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin...” (əz-Zumər, 53)”.
əl-Buxari, 4810; Muslim, 174, 337.
Şeyx Muqbil (Allah ona rəhm etsin) demişdir: “Ayənin hər iki səbəbə görə nazil olmasında heç bir ziddiyyət yoxdur. Daha doğrusunu isə Allah bilir”. (Səhih əl-Musnəd, Furqan surəsinin 68-ci yəsinin nazil səbəbi).