əl-Əhzab surəsi 28 - 29 - cu ayələr
“Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun edib gözəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”
Abdullah ibn Abbas (Allah ondan razı olsun) deyir ki, mən çox istəyirdim ki, Ömərdən “Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir” (ət-Təhrim, 4) ayəsində xatırlanan Peyğəmbərin - sallallahu aleyhi və səlləm - iki zövcəsi barəsində soruşum. Elə buna görə də onunla birlikdə həcc ziyarətinə getdim. O, həcc ziyarətini bitirib geri qayıtdıqda subaşına çıxmaq üçün yoldan kənara (uzaq bir yerə) çəkildi. Mən də əlimdəki bir tuluq su ilə kənara çəkilib onu gözlədim. Nəhayət o gəlib çıxdı. Mən tuluqdakı sudan onun əlinə tökdüm və o dəstəmaz aldı. Sonra mən soruşdum: “Ey möminlərin əmiri! “Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir” (ət-Təhrim, 4) ayəsində xatırlanan Peyğəmbərin - sallallahu aleyhi və səlləm - iki zövcəsi kimlərdir?» O dedi: “Ey İbn Abbas! Sənin sualın çox təəccüblüdür! Bu Aişə ilə Həfsədir!” Sonra o, hədisi danışmağa başlayıb dedi: «Mən və ənsarlardan olan bir qonşum Bəni Ümeyyə ibn Zeyd tayfasında – Mədinənin yaxınlığında yerləşən bir kənddə – qalırdıq. Biz növbə ilə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gedərdik. Bir gün mən gedib Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - eşitdiklərim əmrlər və s. (qadağalar, əvvəlki ümmətlərin başına gələnlər) barədə ona xəbər gətirərdim, bir gün də o bütün bunlar barədə mənə xəbər gətirərdi. Biz qüreyşlilər qadınlarımızı üstələyən bir tayfa idik. Mədinəyə gəldikdə isə ənsar qadınların ərlərini üstələyən (onlara cavab qaytaran) bir qövm olduğunu gördük. Bizim qadınlar onların ədəblərindən təsirləndilər. Bir gün mən həyat yoldaşımın üstünə qışqırdım və o mənə cavab qaytardı. Mən cavab qaytarmağı ona qadağan etdikdə o dedi: “Sən cavab qaytarmağı mənə niyə qadağan edirsən? Allaha and olsun ki, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - zövcələri ona cavab qaytarırlar. Bəziləri hətta bu gün gecəyə qədər ondan üz döndərib”. Onun bu sözləri məni çox həyəcanlandırdı. Mən: “Doğrudan da onlardan bu günahı edən müvəffəqiyyətsizliyə uğramışdır!”- dedim. Sonra libasımı geyib Həfsənin yanına getdim. Mən onə dedim: “Ey Həfsə! Sizlərdən biri Allahın Elçisini - sallallahu aleyhi və səlləm - bu gün gecəyə qədər qəzəbləndiribmi?” O: “Bəli”- deyə cavab verdi. Mən dedim: “O şəxs bədbəxt olmuş və xəsarətə uğramışdır! Sən əminsən ki, Rəsulullahı qəzəbləndirməklə Allahın qəzəbinə gəlib həlak olmayacaqsan? Allahın Elçisindən çox şey (artıq xərclik və s.) istəmə, ona cavab qaytarma, ondan üz döndərmə və nə ehtiyacın varsa məndən istə! Qonşunun (yəni, Aişənin) Peyğəmbərə - sallallahu aleyhi və səlləm - səndən daha gözəl və daha sevimli olması əsla səni aldatmasın!” O zaman biz, “Ğassanlılar bizim üstümüzə yürüş etmək üçün atlarının ayaqlarını nallayırlar!”- deyə öz aramızda danışırdıq. (Bir gün Bəni Umeyyəli) yoldaşım öz növbəsində Rəsulallahın - sallallahu aleyhi və səlləm - yanına getdi və gecə geri döndükdə qapımı bərk-bərk döyüb dedi: “O (yəni, Ömər) oyaqdırmı?” Mən həyacanlandım və onun yanına çıxdım. O dedi: “Dəhşətli bir hadisə baş verib!” Mən dedim: “Nədir, Ğəssanlılar hücum edib?” O dedi: “Xeyr! Əksinə, bundan da artıq dəhşətli hadisə baş verib. Allahın Elçisi - sallallahu aleyhi və səlləm - zövcələrini boşayıb”. Mən dedim: “Artıq Həfsə həlak oldu və ziyana uğradı. Mən bunun yaxın zamanlarda baş verəcəyini zənn edirdim”. Mən libasımı geyib Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına getdim və onunla birgə fəcr namazını qıldım. Sonra o, öz eyvanına qalxıb təkliyə çəkildi. Mən Həfsənin yanına gəldim və onun ağladığını görüb dedim: “Nə üçün ağlayırsan, məgər mən səni bu işdən çəkindirməmişdim? Allahın Elçisi - sallallahu aleyhi və səlləm - sizi boşayıbmı?” Həfsə dedi: «Mən bilmirəm, odur bax, o, eyvandadır”. Sonra mən minbərin ətrafında oturan bir toplum səhabənin yanına gəldim. Onlardan bəziləri ağlayırdı. Mən bir müddət onlarla oturduqdan sonra dözməyib onun yanına, oturduğu eyvanın önünə gəldim və orada dayanan Peyğəmbərin - sallallahu aleyhi və səlləm - balaca, zənci xidmətçisinə dedim: “Ömər üçün izn istə (onun yanına daxil olum)». O, içəri daxil olub Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - danışdı. Sonra bayıra çıxıb dedi: “Sənin xahişini ona çatdırdım, lakin o susdu”. Mən minbərin ətrafında oturan səhabələrin yanına gayıtdım. Bir az onlarla oturduqdan sonra dözməyib yenə onun yanına gəldim və bu dəfə də o, eyni cavabı verdi. Mən bir daha minbərin ətrafında oturan səhabələrin yanına gayıtdım. Bir az onlarla oturduqdan sonra dözməyib yenə onun yanına gəldim. O bu dəfə də eyni cavabı verdi. Mən çıxıb getdikdə, o, məni çağırıb dedi: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - sənə onun yanına daxil olmağa izn Verdi”. Mən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına daxil olduqda, gördüm ki, o, yerə sərilmiş həsirin üstünə uzanıb, altına heç bir döşək qoymayıb və yerdəki qum da onun böyrünə iz salıb. Özü də içərisi xurma lifi ilə doldurulmuş, dəridən hazırlanan yastığa söykənmişdi. Mən ayaq üstə duraraq ona salam verdikdən sonra dedim: “Ey Allahın Elçisi, sən zövcələrini boşamısanmı?” O mənə nəzər salıb: “Xeyr!”- deyə cavab verdi. Mən yenə ayaq üstə duraraq dedim: “Ey Allahın Elçisi! Təsəvvür et, biz qüreyşlilər qadınlarımızı üstələyən bir qövm idik. Sonra qadınları ərlərini üstələyən bir qövmün yanına gəldik”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - gülümsədi. Mən dedim: “Təsəvvür et, mən Həfsənin yanına gəlib: “Qonşunun (yəni, Aişənin) Peyğəmbər - sallallahu aleyhi və səlləm - üçün səndən daha gözəl və daha sevimli olması əsla səni aldatmasın!”- dedim. Peyğəmbər - sallallahu aleyhi və səlləm - yenə təbəssüm etdi. Mən onun təbəssüm etdiyini görüb oturdum və evinə nəzər saldım. Allaha and olsun ki, orada mən aşılanmış üç heyvan dərisindən başqa gözə çarpan bir şey görmədim. Mən dedim: “Allaha dua et ki, ümmətinin imkanlarını genişlətsin! Həqiqətən, farsların və rumluların imkanları çox genişləndirilib, onlara dünyanın naz-nemətlərindən verilib. Halbuki onlar Alaha ibadət etmirlər”. O, dikəlib oturdu və dedi: “Ey İbn əl-Xəttab! Sən şəkk edirsən? Onlar o qövmdür ki, cah-cəlal onlara dünya həyatında verilmiş və onlar üçün tezləşdirilmişdir”. Mən dedim: “Ey Allahın Elçisi, mənim üçün bağışlanma dilə!” Həfsə Aişəyə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sirrini bildirdikdən sonra o, zövcələrini tərk etmiş və qəzəbindən: “Bir ay mən onlara yaxınlaşmayacağam!”- demişdi. O zaman Uca Allah da onu qınamışdı (ət-Təhrim, 1-4). İyirmi doqquz gün keçdikdən sonra o, ilk əvvəl Aişənin yanına daxil oldu. Aişə isə ona dedi: “Axı sən bir ay bizə yaxınlaşmayacağına and içmisən! Mən bir-bir bu günləri saymışam. Artıq bu iyirmi doqquzuncu gündür”. Peyğəmbər - sallallahu aleyhi və səlləm dedi: “Ay iyirmi doqquzdandır!” Bu ay doğrudanda iyirmi doqquz oldu. Aişə dedi: “Təxyir (seçmək, üstünlük vermək) ayəsi (əl-Əhzab, 28-29) nazil oldu və o, zövcələrindən ilk əvvəl mənim yanıma daxil olub dedi: “Doğrusu, mən sənə bir məsələni xatırlamaq istəyirəm. Sən gərək tələsməyəsən və ata-ananla məsləhətləşəsən”. Aişə dedi: “Mən bilirəm ki, valideynlərim səndən ayrılmağı mənə heç vaxt nəsihət etməmişlər”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Allah demişdir: “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun edib gözəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır” (əl-Əhzab, 28-29). Mən dedim: “Buna görə ata-anamla məsləhətləşim?! Axı mən həqiqətən də Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirəm!” Sonra o, digər zövcələrinə də eyni təklifi etdi və onlarda Aişə kimi cavab verdilər”.
əl-Buxari, 2288, 2468, 5191; ət-Tabərani “Musnədiş-Şəmiyyin” 3227; İbn Məcə, 2053.
Rəvayət edilir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Əbu Bəkr gəlib Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına daxil olmaq üçün izn istədikdə, onun - sallallahu aleyhi və səlləm - qapısının yanında bir dəstə adamın oturduğunu gördü. Onlardan heç bir kimsəyə içəri daxil olmağa izn verilməmişdi. Əbu Bəkrə isə izn verildi və o içəri daxil oldu. Sonra Ömər gəlib izn istədi və ona da izn verildi O, Peyğəmbəri - sallallahu aleyhi və səlləm - və ətrafında sükut içində oturmuş zövcələrini görüb dedi: “Mən bir söz deyəcəyəm və Peyğəmbəri - sallallahu aleyhi və səlləm - güldürəcəyəm”. Sonra o dedi: “Ey Allahın Elçisi! Hərgah (ərinə qarşı) çıxan qız məndən xərclik istəsəydi, onun boynuna (şillə) ilişdirərdim!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - güldü və dedi: “Gördüyün kimi onlar mənim ətrafımda oturub məndən xərclik istəyirlər”. Bu vaxt Əbu Bəkr Aişəni, Ömər də Həfsanı cəzalandırmaq üçün ayağa qalxıb dedilər: “Siz Allahın Elçisində - sallallahu aleyhi və səlləm - olmayan bir şeyi ondan istəyirsiniz?!” Onlar dedilər: “Biz heç zaman Allahın Elçisində - sallallahu aleyhi və səlləm - olmayan bir şeyi ondan istəmərik?” Peyğəmbər - sallallahu aleyhi və səlləm - otuz və ya iyirmi doqquz gün onlardan ayrı qaldı. Sonra ona bu ayələr nazil oldu: “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dünya malıyla məmnun edib gözəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır” (əl-Əhzab, 28-29). O, ilk əvvəl Aişənin yanına gəlib dedi: “Ey Aişə! Doğrusu, mən sənə bir təklif etmək istəyirəm. İstəyirəm ki, sən bu təklifi qəbul etməyə tələsməyəsən və ata-ananla məsləhətləşəsən”. Aişə dedi: “O nədir, ey Allahın Elçisi?” Peyğəmbər - sallallahu aleyhi və səlləm - Allahın ona nazil etdiyi ayələri oxudu. Aişə dedi: “Ya Rəsulullah! Məgər sənə görə (səninlə birgə olmaqdan ötrü) valideynlərimlə məsləhətləşməliyəm?! Əksinə, mən Allahı, Onun Elçisini və Axirət yurdunu seçirəm! Səndən də xahiş edirəm ki, həyat yoldaşlarından heç birinə bu barədə xəbər verməyəsən!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “O qadınlardan hansı məndən (bu məsələ barəsində) soruşsa, mən ona xəbər verəcəyəm. Allah məni nə (insanlara nə isə etməyi) zorla məcbur edən, nə də hər şeyə irad tutan bir kimsə olaraq göndərməmişdir, lakin O məni (onlara bilmədiklərini) öyrədən, (bacarmadıqlarını) müyəssər edən bir kimsə olaraq göndərmişdir”.
Muslim, 2703, 3763; Əbu Yəalə “Musnəd” 2253.