"Qadan alım" ifadəsini istifadə etmək olarmı?

    10.09.2019
Kimdən: 
Anonim
Sual: 
Salam aleykum.Qadan alım ifadəsi nə deməkdir və bu sözü işlətmək şəriətə göre caizdirmi?
Cavab: 
Və aleykum Salam. Qada sözü dərd, bəla, müsibət və s. mənalarını ifadə edir. "Qadan alım" ifadəsi "dərdin mənə gəlsin" deməkdir. İslama görə bu mənada olan ifadələr işlətmək qadağan deyil. Çünki, burada bir insan sevdiyi bir kəsə olan arzusunu ifadə edir.
Buna bənzər ifadəni Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun səhabələri istifadə edirdilər. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər demişdir: "Yuxuda gördüm ki, Cənnətdəyəm. Birdən qarşımda Əbu Talhanın zövcəsi Rumeysanı gördüm və bir ayaq səsi eşitdim. Soruşdum: "Bu kimdir?" Dedilər: "Bu Bilaldır!" Sonra mən bir qəsr və bu qəsrin həyətində bir cavan qız gördüm. Soruşdum: "Bu qəsr kimindir?" Dedilər: "Ömərindir!" Mən qəsrin içinə girib ora göz gəzdirmək istədim, lakin sənin qısqanclığın yadıma düşdü və mən dönüb oradan uzaqlaşdım". Bunu eşidəndə Ömər dedi: "Atam-anam sənə fəda olsun, ya Rəsulullah, heç sənə qısqana bilərəmmi?!" (Səhih əl-Buxari, 3679).  
Digər bir hədisdə rəvayət edilir ki, Sə'd ibn Əbu Vəqqas (Allah ondan razı olsun) demişdir: "Uhud döyüşündə Peyğəmbər mənə: "Atam-anam sənə fəda olsun" – demişdi. (Səhih əl-Buxari, 3725). Həmçinin oxuyun: "Qurban olum" demək olarmı?
 
Paylaş: