əz-Zuxruf surəsi 57 – 64 – cü ayələr
“Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq. Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! Şeytan sizi doğru yoldan döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir. İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!”
Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Mən Qurandan bir ayə bilirəm ki, onun barəsində indiyə qədər məndən heç kəs heç nə soruşmayıb. Bilmirəm, bu ayəni insanlara öyrədim ki, onun barəsində məndən soruşmasınlar, yoxsa gözləyim ki, onlar qafil olduqlarını başa düşüb bu ayə barəsində özləri soruşsunlar”. Sonra o, bizimlə söhbət etməyə başladı. Məclisdən qalxdıqda isə ondan bu ayə barəsində soruşmadığımıza görə bir-birimizi qınadıq. Mən (yəni, Əbu Yəhyə) dedim: “Sabah gəlsə, bu ayə barəsində mən ondan soruşacağam!” Ertəsi gün mən ona dedim: “Ey İbn Abbas! Dünən sən qeyd etdin ki, Quranda bir ayə var ki, onun barəsində indiyə qədər səndən heç kəs heç nə soruşmayıb. Sən də bilmirsən ki, onun barəsində səndən soruşmasınlar deyə bu ayəni insanlara öyrədəsən, ya da gözləyirsən ki, onlar qafil olduqlarını başa düşüb bu ayə barəsində özləri səndən soruşsunlar! Elə isə o ayə barəsində mənə xəbər ver!” O dedi: “Bəli! Həqiqətən, Peyğəmbər - sallallahu aleyhi və səlləm - Qureyş tayfasına belə dedi: “Ey Qureyş tayfası! Həqiqətən, Allahdan başqa ibadət olunan ilahlarda heç bir xeyir yoxdur!” Qureyş tayfası xaçpərəstlərin İsaya - aleyhissəlam - tapındıqlarını və onların Muhəmməd - sallallahu aleyhi və səlləm - bərəsində nə dediklərini bilirdilər. Odur ki, onlar dedilər: “Ey Muhəmməd! Sən iddia edirsən ki, İsa - aleyhissəlam - Allahın peyğəmbəri və əməlisaleh quludur. Əgər sən doğru deyirsənsə, onda elə çıxır ki, onların ilahlarında xeyir yoxdur?” Uca Allah bu ayəni nazil etdi: “Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü…” (əz-Zuxruf, 57). Uca Allahın: “Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir” (əz-Zuxruf, 61) ayəsi, Məryəm oğlu İsanın - aleyhissəlam - qiyamətdən əvvəl zühur edəcəyinə işarədir”.
Əhməd, 2918, 2920. Şex Muqbil, Şueyb əl-Arnavut, Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.