وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَا إِلَّا الدَّهْرُ وَمَا لَهُمْ بِذَلِكَ مِنْ عِلْمٍ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ
“Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar”
عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : كَانَ أَهْلُ الْجَاهِلِيَّةِ يَقُولُونَ : إِنَّمَا يُهْلِكُنَا اللَّيْلُ وَالنَّهَارُ ، وَهُوَ الَّذِي يُهْلِكُنَا وَيُمِيتُنَا وَيُحْيِينَا ، فَقَالَ اللَّهُ فِي كِتَابِهِ : {وَقَالُوا مَا هِيَ إِلاَّ حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا ، وَمَا يُهْلِكُنَا إِلاَّ الدَّهْرُ} قَالَ : فَيَسُبُّونَ الدَّهْرَ ، فَقَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى : يُؤْذِينِي ابْنُ آدَمَ يَسُبُّ الدَّهْرَ وَأَنَا الدَّهْرُ ، بِيَدِي الأَمْرُ ، أُقَلِّبُ اللَّيْلَ وَالنَّهَار.
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: "Cahiliyyə dövründə insanlar: "Bizi gecə və gündüz həlak edir! Bizi həlak edən də, öldürən də, dirildən də odur!"- deyərdilər. Allah da Öz kitabında belə buyurdu: “Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar” (əl-Casiyə, 24) - onlar dəhri (zamanı) söyürlər. Uca Allah demişdir: “Adəm övladı dəhri söyməklə Mənə əziyyət verir.[1] Dəhr[2] Mənəm! Hər şeyi idarə edən, gecəni gündüzə, gündüzü də gecəyə çevirən Mənəm!”
ət-Tabəri “Cəmiul-Bəyən” 31466; İbn Hibban, 5715. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.
[1] Mənası – “Adəm övladı əziyyət verən bir sözlə Mənə xitab edir". Belə ki, hər hansı bir əziyyətin Allaha gedib çatması mümkün olan iş deyildir”. Bu izahı İbn Həcər “Fəthul-Bari” əsərində (8/438) nəql etmişdir.
[2] İbn Teymiyyə (Allah ona rəhm etsin) bunu izah edib belə demişdir: “Şübhəsiz ki, yaradılmışlardan hər kimsə dəhri (zamanı) söyərkən Allahı qəsd etmir. Belə ki, o bununla yalnız müsibətləri onun başına gətirəni qəsd edir və beləliklə də bu söyüş Allaha aid edilir. Çünki həqiqətdə bütün bunları edən Allahdır. Deməli “Dəhr Mənəm”- dedikdə "dəhrə aid etdikləri hər bir işi görən Mənəm” qəsd edilir. Sarimul-Məslul, 3/922.