əl-Hucurat surəsi 9 - 10 – cu ayələr
“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin”
Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Səhabələr Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - Abdullah ibn Ubeyyin yanına gedib ona nəsihət etməyi xahiş etdilər. O, uzunqulağına minib səhabələrlə birlikdə onun yanına getdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – (münafiqlərə) yaxınlaşdıqda o dedi: “Məndən aralı dur! Uzunqulağının pis qoxusu mənə əziyyət verir!” Bu zaman ənsarlardan biri dedi: “Allaha and olsun ki, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - uzunqulağının qoxusu sənin iyindən yaxşıdır!” Abdullah ibn Ubeyyin tərəfdarlarından biri qəzəbləndi və onu təhqir etdi. Ənsar da onu təhqir etdikdən sonra tərəflər arasına çaxnaşma düşdü və onlar bir-birilərini vurmağa başladı. Bu vaxt ayə nazil oldu: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin” (əl-Hucurat, 9-10)”.
əl-Buxari, 2494, 2691.