Həyatda problemlərlə üzləşən nə etməlidir?
Sual:
Salam bizim evimizdə heç nə düz getmir bundan əlavə qardaşımın da menim de işlərimiz yaxşı getmir evimizdə yazımızın çox olmasına baxmayaraq bir xeyir iş olmayıb. Anam da bu evə gələndən xəstəlil tapdı əsəb xəstəliyindən. Biz nə edə bilərik?
Cavab:
Va aleykum Salam. İlk növbədə insan bilməlidir ki, başına gələn hər bir bəla və müsibət Allahın qəza və qədəri ilə baş verir. Bu bəla və müsibətləri uzaqlaşdıran da Allahdır. Allahdan başqa heç kəs, heç nə yardım edə bilməz. Uca Allah bu xüsusda buyurur: "Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, heç kəs Ona mane ola bilməz. O, hər şeyə qadirdir". (əl-Ənam, 17).
Həmçinin buyurur: "Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir". (Yunus, 107).
Dünya həyatı insan üçün bir imtahan yeridir. Uca Allah bu dünyada qullarını müxtəlif cür imtahan edir. Kimisini sağlamlığı ilə, kimisini kasıblıqla, kimisinə də çoxlu mal-dövlət verməklə imtahan edir. Bunun hikməti isə qullarını sınamaq və səbir edənləri mükafatlandırmaqdır. Uca Allah buyurur: "Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!" (əl-Ənbiya, 35).
İnsanın başına gələn bəla və müsibətlərin səbəbi insanın öz əlləri ilə qazandığı günahlar olur. Belə hallarda ilk növbədə Allahdan bağışlanma diləmək və Allaha üz tutmaq lazımdır. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır". (əş-Şura, 30).
Həmçinin, özündən daha pis vəziyyətdə olan insanlara baxıb Allaha şükür etmək lazımdır. Ola bilsin ki, sizin narazılıq etdiyiniz həyat başqaları üçün nemət olsun. Əgər şükür etsəniz, Uca Allah sizə olan nemətlərini artırar. Uca Allah buyurur: "O zaman Rəbbiniz bildirmişdi: "Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir". (İbrahim, 7).
Bununla belə Allaha edilən duaları çoxaltmaq lazımdır. Xüsusən də, Peyğəmbərin hədislərində bizə öyrətdiyi dualardan istifadə edin. Onun duaları özündə hər bir xeyri cəm etmişdir. Uca Allahdan ailənizə dünya və Axirətdə salamatlıq və xoşbəxtlik diləyirik. Həmçinin oxuyun: