Dünyada bağışlamadığım kəslə Qiyamət günü qarşılaşacağammı?
Va aleykim salam. Hər bir valideyn övladının xoşbəxt olmasını istəyir və buna görə çalışır. Ola bilsin, ananızın və xalanızın bu evliliyə mane olmalarının sizin bilmədiyiniz ciddi səbəbləri olsun. Uca Allah övladın evlənməsini valideynlərə tapşıraraq buyurur: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin" (ən-Nura, 32).
Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz, yer üzündə fitnə-fəsad olar". Səhabələr dedilər: "Ey Allahın elçisi! Əgər həmin adamda bəzi əlamətlər (kasıblıq) olsa necə?" Peyğəmbər dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrara etdi". (ət-Tirmizi, 1084, 1085; İbn Məcəh, 1967).
Əgər ananızın bu evliliyə mane olmasına oğlanın dini və ya əxlaqı barədə narazılığı səbəb olmuşdursa, bu halda o, haqlı sayılır. Əgər oğlanın dini və əxlaqı gözəldir və qız da oğlanla evlənmək istəyirsə, bu halda evliliyə mane olan günah qazanır.
Qiyamət günü insanlar aralarında olan haqsızlıqlara görə qarşılaşacaqlar. Lakin, o gün onların bir-biriləri ilə hesablaşmaları yalnız savablarla olacaq. Əgər bu dünyada haqq sahibi öz haqqını halal etməzsə, Qiyamət günü haqqı tapdalayanın savablarından ona veriləcək. Əgər savabları çatmazsa, haqlı olanın günahları qarşı tərəfə yüklənəcək. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Kimin üzərində din qardaşının haqqı varsa, bunu ona halal etdirsin. Çünki o gün (qiyamət günü) borcunu vermək üçün nə dinar vardır, nə də dirhəm. (Bu borcunu) onun savablarından alınıb ona verilmədən və ya yaxşı əməlləri (savabları) olmadıqda, veriləcək kimsədən günahları alınıb borcluya yüklənmədən əvvəl bunu etsin (yəni Qiyamət günü və ölüm gəlmədən bunu ödəsin və ya halallığını istəsin)". (Səhih əl-Buxari).
Başqa bir hədisdə bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrindən: "Bilirsiniz müflis kimdir?" - deyə soruşdu. Onlar: "Müflis, ya Rəsulullah, nə bir dirhəmi, nə də bir malı olan kimsələrimizdir" - deyə cavab verdilər. Onda Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: "Ümmətimin müflisləri o kəslərdir ki, onlar Qiyamət günü namazla, orucla və zəkatla, habelə birisini söymüş, birisinə böhtan atmış, birisinin malını yemiş, birisinin qanını tökmüş, birisini də vurmuş olduğu halda Allahın hüzuruna gələcək və zülm etdiyi bu adamlar ondan qisas alaraq onun savablarından götürəcəklər. Əgər ondan tam olaraq qisas alınmadan öncə savabları qurtararsa, həmin adamların günahlarından götürülüb onun günahları üzərinə əlavə edilər, sonra da bu adam Cəhənnəm oduna atılar". (ət-Tirmizi, 248).
Həmçinin oxuyun: