əl-Muzəmmil (Bürünmüş) surəsinin izahı.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Ey libasına bürünüb örtünmüş peyğəmbər!
Uca Allah Qurandan ilk ayələrin nazil olduğu hadisəyə görə Muhəmməd peyğəmbəri - ona və ailəsinə Allahın salavatı və salamı olsun - şərəfləndirərək "libasına bürünüb örtünmüş" (əl-Muzəmmil) deyə adlandırır. Belə ki, Peyğəmbər Hira dağındakı mağarada olarkən ona haqq nazil oldu. Cəbrayıl onun yanına gəlib: “Oxu!”– dedi. O isə: “Mən oxumağı bacarmıram!”– deyə cavab verdi. O zaman mələk onu tutub taqəti kəsilənədək sıxdı, sonra da buraxıb dedi: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi.” (əl-Ələq surəsi, 1-5)
Bu hadisədən sonra Peyğəmbər qorxudan ürəyi əsə-əsə həmin ayələrlə geri döndü. O, evinə daxil olub: “Üstümü örtün, üstümü örtün!”– dedi. Uca Allah onu qorudu və iyirmi üç il ərzində Quranı tədriclə nazil edərək onu bütün peyğəmbərlərdən üstün etdi.
2-4. Az bir hissəsi istisna olmaqla gecələr namaza dur! Onun yarısını, yaxud ondan bir az əskilt, və ya ona artır. Quranı da aramla oxu!
Uca Allah öz Peyğəmbərinə gecələr namaz qılmağı vacib etmişdir. O, başqa bir ayədə belə buyurur:
"Gecənin bir vaxtı oyanıb sənə əlavə buyrulmuş təhəccüd namazında Quran oxu. Ola bilsin ki, buna görə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin" (əl-İsra, 79).
Uca Allah ona az bir hissəsi istisna olmaqla bütün gecəni, və ya istədikdə gecənin yarısını, yaxud üçdə birini, yaxud da gecənin üçdə ikisini ibadətlə keçirməyi buyurmuşdur. Peyğəmbər və onun səhabələrinin bir qismi də buyrulan bu vaxt ölçülərində ibadət edirdilər. Lakin insanlar gecənin üçdə birini, yarısını və ya üçdə ikisini müəyyən etməkdə çətinlik çəkirdilər. Onlar vacib buyrulan ölçüyə riayət edə bilmədiklərinə görə narahat olurdular. Onlar gecələr o qədər ayaq üstə namaz qılırdılar ki, hətta onların ayaqları şişirdi. Bu onlara ağır gəldikdə, Uca Allah mərhəmət göstərib bu əmri yüngülləşdirdi və surənin sonundakı "Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq..." - ayəsini nazil etməklə bu hökmü ləğv etdi. Bu ayə ilə əvvəlki ayələrin arasındakı müddət bir il sürdü. Uca Allah vacib buyurduğu hökmü könüllü ibadət hökmü ilə əvəz etdi.
Həmçinin, burada Uca Allah öz Peyğəmbərinə Quranı anlamaq üçün aydın şəkildə aramla oxumağı əmr edir. Rəvayət edilir ki, Ənəsdən: “Peyğəmbər Quranı necə oxuyardı?”– deyə soruşdular. Ənəs: “Uzadaraq!”– deyə cavab verdi, sonra da: “Bismilləhir-Rahmənir-Rahim” ayəsini – “Bismilləh”, “ər-Rahmən” və “ər-Rahim” kəlmələrinin hər birini uzadaraq oxudu.” (əl-Buxari, 5046).
5. Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.
Biz sənə məsuliyyəti ağır olan bir Söz, yəni əmr və qadağaları, şəriət hökmlərini özündə ehtiva edən Quran ayələrini nazil edəcəyik. Həmçinin, Quranın ağır adlandırılması vəhy olunduğu zaman Peyğəmbərin ayələrin ağırlığından çətinlik çəkməsi ilə bağlıdır. Rəvayət edilir ki, Haris ibn Hişam Peyğəmbərdən soruşdu: “Ey Allahın Rəsulu, sənə vəhy necə gəlir?” Peyğəmbər dedi: “Bəzən vəhy mənə zınqırovun cingiltisi kimi gəlir və mənə ən ağır gələni də elə budur. Bu hal məndən çəkilən kimi mələyin mənə söylədikləri yadımda möhkəm qalırdı. Bəzən də mələk mənə kişi qiyafəsində görünür, mənimlə danışır, mən də onun söylədiklərini yadda saxlayıram". Aişə demişdir: “Mən çox soyuq bir gündə Allahın elçisinə vəhy nazil olduğunu görmüşəm. Bu hal ondan çəkilərkən alnından tər axırdı”. (Səhih əl-Buxari, 2).
Həmçinin, Qurani-Kərim ona görə ağır bir Sözdür ki, Quran, onu oxuyub əməl edən möminlər üçün Qiyamət günü tərəzidə ağır gələcək.
6-7. Sözsüz ki, gecə ibadətə qalxmaq qəlbə çox təsir edir və Quran daha aydın dərk olunur. Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır.
Gecə ibadətə qalxmaq, namaz qılaraq Quran oxumaq qəlbə daha güclü təsir göstərir və oxunan ayələr daha aydın dərk olunur. Çünki, gecə insanın qəlbi dünya işlərindən azad olur və onu ibadətdən heç nə yayındırmır. Gecə ibadətə qalxmaq çətin olsa da, daha məqsədəuyğundur.
8. Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!
Yəni, Uca Allahın adını xatırlayaraq Onu çox zikr et, işlərini qurtaran kimi özünü Ona ibadət etməyə həsr et və Allah yolunda çalış!
9. O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür!
Uca Allah günəşin üzərinə doğduğu və batdığı hər yerin tək və şəriksiz olan mütləq Hökmdarıdır. Ondan başqa ibadətə layiq olan heç bir tanrı yoxdur. Ona görə də yalnız Allaha ibadət edərək Ona təvəkkül et!
10. Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.
Yəni, ey Peyğəmbər, həmyerlilərindən olan kafirlərin sənə qarşı atdıqları iftiralara səbir et və əziyyətlərinə qarşılıq vermədən onlardan gözəl tərzdə ayrıl!
11-13. Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver. Həqiqətən, Bizdə onlar üçün qandallar və Cəhənnəm hazırlanmışdır, boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır.
Yəni, ey Peyğəmbər! Məni və Mənim göndərdiyim Quranı yalan hesab edib dünyada zövq-səfa sürən kafirlərin əməllərinə üzülmə və onları əcəllərinin gəlişinə qədər bir az gözlə. Uca Allah buyurur: "Biz onlara dünyada olan nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba qatlaşmağa məcbur edəcəyik" (Loğman, 24).
Onlar üçün axirətdə ağır qandallar və Cəhənnəm odu hazırlanmışdır. Bundan başqa orada tikanlı olduğuna görə boğazda tıxanıb qalan yemək və digər ağrılı əzablar vardır.
14. O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir.
Qiyamət günü misli görünməmiş böyük zəlzələ baş verəcək və əzəmətli dağlar hərəkətə gəlib toza, sonra da yox olub itən ilğıma çevriləcək. Sonra Uca Allah Qureyş qəbiləsinin kafirlərinə və digər bütün insanlara üz tutaraq buyurur:
15-16. Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.
Yəni, Uca Allah Firona Musa peyğəmbəri göndərdiyi kimi sizə də Qiyamət günü əməllərinizə şahidlik edəcək Muhəmməd peyğəmbəri göndərdi. Firon Musaya iman gətirməyib ona qarşı çıxdıqda, Uca Allah onu suda qərq etdi. Qiyamət günü gəldikdə isə o, ən şiddətli Cəhənnəm əzabına düçar olacaq. Elə isə bundan ibrət alaraq Allahın elçisinə küfr etməkdən və ona qarşı çıxmaqdan çəkinin, yoxsa Firona verilən əzab sizə də verilər.
17-18. Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.
Əgər bu dünyada Allaha və Onun elçisi Muhəmmədə küfr etsəniz, körpə uşaqların saçlarının ağaracağı o dəhşətli Qiyamət günündən özünüzü necə qoruyacaqsınız? Qiyamət qopduğu zaman göy yarılıb parçalanacaq və Allahın Öz elçilərinə etmiş olduğu bu vədi mütləq yerinə yetəcəkdir.
19. Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr.
Bu Quran ağıl sahiblərinin ibrət alması üçün göndərilən öyüd-nəsihətdir. İnsanlardan doğru yola gəlmək istəyənlər Quranın öyüd-nəsihətindən ibrət alar. Lakin aləmlərin Rəbbi Allah istəməyincə, insanlar buna nail olmazlar.
20. Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!
Yəni, Uca Allah bilir ki, Peyğəmbər və onun səhabələrinin bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət etmək üçün dururlar. Uca Allah bəzən gecə və gündüzü bərabərləşdirir, bəzən də birini digərindən uzun və ya qısa edir. O, insanların bunları hesablamaqda və gecəni ibadətlə keçirməkdə çətinlik çəkəcəklərini nəzərə alaraq, onlar üçün bunu asanlaşdırdı. Beləliklə, onlar gecənin istənilən vaxtı ibadətə qalxıb namazda əl-Fatihə surəsini oxuduqdan sonra Qurandan onlara asan gələn surə və ya ayələri oxuya bilərdilər. Çünki, Uca Allah bilir ki, onlardan üzürlü səbəbə görə bəziləri xəstə olacaq, digərləri halal ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qismi də Allahın sözü ucalsın deyə Allah yolunda vuruşacaq. Buna görə də Uca Allah onlara Qurandan əzbər bildiklərini oxuyaraq bacardıqları qədər namaz qılmağı buyurur.
Sonra Uca Allah fərz namazları davamlı olaraq qaydasında qılmağı, vacib sayılan zəkatı ödəməyi və Allaha gözəl bir borc verməyi, yəni Allahın razılığını qazanmaq üçün sədəqə verərək axirətdə bol-bol mükafat əldə etməyi buyurur. Çünki, bu dünyada edilən xeyirxah əməllərin Qiyamət günü Allah yanında daha xeyirli və daha böyük mükafatla əvəzi veriləcək. Elə isə Allahı tez-tez zikr edin və hər zaman Ondan bağışlanma diləyin! Şübhəsiz ki, Allah əfv diləyənləri Bağışlayandır, onlara qarşı Rəhmlidir!