Namaz təqvimlərində Əsr namazının vaxtının bir saat fərqli olmasının səbəbi nədir?

    04.09.2019
Kimdən: 
Sabir
Sual: 
Salam alekum nə üçün əsr namazının vaxtı digər cədvəllərlə təxminən bir saat fərq edir siz nəyə əsasən əsr namazının vaxtını təyin edirsiz çünkü çaş-baş qalmışam hansı düzdür əvvəlcədən çox sağ olun
Cavab: 

Va aleykum salam. Namaz cədvəllərində Əsr namazının vaxtının fərqli olmasına səbəb Əbu Hənifə məzhəbi ilə digər məzhəblər arasında Əsr namazının daxil olma vaxtının fərqli olmasıdır. Belə ki, əksər alimlərin rəyinə görə Əsr namazının vaxtı Zöhr namazının vaxtı çıxan kimi daxil olur. Zöhr namazının vaxtı isə hər şeyin kölgəsi özü boyda olanda çıxır. Bu rəy əksər alimlərin rəyidir (İmam Malik, əş-Şafii, Əhməd, Hənəfilərdən isə Əbu Yusuf, Muhəmməd ibn əl-Həsən, ət-Tahəvi və başqaları). Bu rəyə istinad edənlərin dəlili isə Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət olunan hədisdir. Həmin hədisdə Cəbrayılın (Ona salam olsun) Peyğəmbərə (sallallahu aleyhi və səlləm) namazın ilk və son vaxtlarını bildirmək üçün imamlıq etməsi haqda danışılır. Orada Əsr namazının ilk vaxtı barədə belə deyilir: "Sonra Əsr namazında gəldi və dedi: "Dur namazı qıl! Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər şeyin kölgəsi özü boyda olanda əsr namazını qıldı" (Əbu Davud, № 393. Əhməd: № 90. ən-Nəsai: 1/ 263. ət-Tirmizi: № 150). 

İkinci rəyə görə isə Əsr namazının vaxtı hər şeyin kölgəsi özündən iki dəfə böyük olanda daxil olur. Bu rəy Əbu Hənifənin və onun davamçılarının rəyidir. Bu səbəbdən Hənəfi məzhəbini qəbul edən ölkələrdə Əsr namazı gec qılınır. Bu rəydə olanların istinad etdikləri dəlil isə aşağıdakı hədisdir:

Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşit­miş­dir: "Sizdən öncə gəlib-getmiş ümmətlərin (dünyada qaldığı müddətlə) mü­qayisədə sizin qaldığınız müddət əsr namazından gün batana qədər olan vaxt ki­midir. Tövrat əhlinə Tövrat verilmişdi və onlar (Allahın hökmlərinə) ria­yət edir­dilər. Nəhayət, günortaya yetişdikdə yorulub əldən düşdülər və buna görə də onlara bir qirat (mükafat) verildi. İncil əhlinə də İncil verilmişdi; onlar əsr namazınadək (Allahın hökmlərinə) riayət etdilər və axırda yorulub əldən düş­dü­lər, buna görə də onlara bir qirat (mükafat) verildi. Daha sonra bizə Quran ve­rildi və biz gün batanadək (Allahın hökmlərinə) riayət etdik, buna görə də bi­zə iki qirat (mükafat) verildi. Belə olduqda hər iki Kitab əhli deyə­cək: "Ey Rəb­bimiz! Sən onlara iki qirat, bizə isə bir qirat verdin. Halbuki biz onlardan daha çox əməl etmişik" Qüdrətli və Böyük Allah buyuracaq: "Məgər Mən sizə mü­kafat verdikdə sizə qarşı haqsızlıq etmişəm?" Onlar: "Xeyr!" – deyə cavab ve­rəcəklər. Onda Allah buyuracaq: "Bu, Mənim lütfüm­dür, onu istədi­yimə ve­ri­rəm" (əl-Buxari, 557).

Əbu Hənifə məzhəbinin böyük alimi əl-Kəsəni demişdir: "Bu hədis dəlildir ki, Əsr namazının vaxtı Zöhr namazının vaxtından daha qısadır. Bu isə yalnız Əbu Hənifənin rəyinə görə mümkündür" (Bədəius-Sanəi, 1/315). əl-Hafiz İbn Həcər buna cavab verərək demişdir: "Hətta əksər alimlərin rəyini götürsək belə, yenə Zöhrlə Əsr namazının arasındakı vaxt Əsrlə Məğrib namazı arasındakı vaxtdan daha uzun olacaq. Həmçinin, hədisdə hər iki ümmətin (yəhudi və xaçpərəstlərin) ayrı-ayrılıqda bizim ümmətdən daha çox əməl etməsi bildirilmir. Çünki bu ümmətlərin birlikdə etdikləri əməllərin bizim ümmətin əməllərindən çox olması mümkündür" (Fəthul-Bari, 2/53). 

Məhz, bu səbəbə görə bəzi namaz təqvimlərində Əsr namazının vaxtının təqribən bir saat fərqli olması göstərilir. 

 

 
Teqlər: 
Paylaş: