Hədislər harada yazılır və Quranda hədislər varmı?

    03.09.2019
Sual: 
Salam Hedisler harda yazilir? Quranda var?
Cavab: 
Va aleykum Salam. Hədis sözü "xəbər" deməkdir. İstilahi mənada isə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi əməllər, dediyi sözlər, görüb etiraf etdiyi şeylər və Peyğəmbərin xilqəti, əxlaqi keyfiyyətləri nəzərdə tutulur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm hədislərin möminlər tərəfindən əzbərlənib gələcək nəsil­lərə təbliğ edilməsini əmr etmişdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ilk illərdə hədislərin yazıl­masını qadağan etmiş, lakin şifahi olaraq nəql etməyi tövsiyə etmişdir. Bu qadağanın səbəbi həmin dövrdə yazılan ayələrin hədislərlə qarışıq düşməməsi və yazıb-oxumağı bacaran səhabələrin az sayda olması ilə izah olunur. Sonralar Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadağaya səbəb olan amillər aradan qalxdıqda, hədislərin yazıl­masına icazə vermişdir. Belə ki, hədisləri yazan təxminən 30-40 səhabədən olan Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) mindən çox hədisi bir kitaba yazaraq "əs-Səhi­fətu əs-Sadiqa" adlandırmışdır. Bundan başqa Əbu Hureyrənin "Sahifətus-Səhihə", Əli ibn Abu Talibin,  Cabir ibn Abdullahın, Ənəs ibn Malikin, Abdullah ibn Abbasın və Səmurə ibn Cun­dəbin (Allah onlardan razı olsun) "Sahifə"lərini qeyd etmək olar.
Hədis tarixinin ikinci əhəmiyyətli dövrü "Tədvin əs-Sunnə" (Hədislərin toplanıb yazılması) adlanır. Bu işin başlanğıcı əsasən hicrətin ikinci əsrinə aid edilir. Tədvin lüğəti mənada cəm edib kitab halına gətirmək deməkdir. Bu iş İslam dövlətinin bila­vasitə dəstəyi ilə həyata keçmişdir. İlk növbədə İslamda öz elmi, əxlaqı və ədaləti ilə məşhur olan xəlifə Ömər ibn Abdulaziz sünnəni yaşadıb gələcək nəsil­lərə ötürməyi, həmçinin, bu yolda təhlükəli amilləri aradan qaldırmaq məq­sədi ilə alimləri hədisləri toplayaraq kitab şəklində tərtib etməyə sövq etdi. Həmçinin, xəlifə olaraq valilələrə bu işi yüksək səviyyədə aparmaq üçün mü­va­fiq əmrlər verdi. Bu xüsusda onun Mədinə valisi Əbu Bəkir ibn Həzmə göndərdiyi məktubu maraq doğurur. Məktubda belə deyilir: "Şəhərində Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bağlı rəvayətləri araşdır, topla və yaz. Mən hədislərin yox olmasından və alimlərin tükənməsindən qorxuram. Bu işi yerinə yetirərkən yalnız Peyğəm­bərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsi qəbul edilsin. Alimlər məscid kimi hər kəsə açıq və məlum olan yerlərdə oturaraq elmi insanlara yaysınlar, bilməyənlərə tədris etsinlər. Belə ki, elm gizli qalmadıqca, yox olmaz”. Təbii ki, xəlifənin hədislərin qorun­masına, sünnənin yayılmasına belə diqqət yetirməsi bu sahənin daha da inki­şaf edərək hədis tarixində "Təsnif əs-Sunnə", "İfrad əs-Sunnə" və digər elmlərin yaranmasına zəmin olmuşdur.
Həmin dövrdə alimlər hər elmə aid müstəqil kitablar yazmağa başladılar. Hədis kitabları fiqh, təfsir və tarix kitablarından ayrıldı. Hədis alimlərinin hər biri özünəməxsus şəkildə hədisləri yığmağa başladı. Bəziləri kitabında yalnız səhih hədisləri yığmağı şərt qoyaraq "Səhih" adlanan kitablar yazdılar. Bu kitablara əl-Buxari, Muslim, İbn Xuzeymə və İbn Hibbanın "Səhih" əsərlərini misal gətirmək olar. Bəzi alimlər isə hədisin mötəbər olmasına diqqət edərək səhih hədislərlə bərabər "həsən" (səhih mərtəbəsindən daha aşağı səviyyəli) hədisləri də cəm etmişlər. Belə alimlərə Əbu Davud, ət-Tirmizi və ən-Nəsəini misal gətirmək olar. Bəziləri isə səhih və ya zəif olmasına baxmayaraq Peyğəmbərdən ona çatan bütün hədisləri cəm etməyi qarşısına məqsəd qoymuşdur. Bunlara İbn Məcanı və Abdur-Razzəqi aid etmək olar. Bu kitablar dövrümüzə kimi gəlib çatmışdır və hədis alimləri həm zəif, həm də səhih hədisləri ehtiva edən kitablardan hədis alimlərinin qoyduğu qaydalara əsasən zəifləri araşdıraraq bizə bildirmişlər. Bəzi alimlər oxucu üçün daha rahat olsun deyə zəif hədisləri "Zəif hədislər külliyyatı", səhih hədisləri isə "Səhih hədislər külliyyatı" adlı kitablarda cəm etmişlər.
Quranda hədislər olmasa da, Quran bizə hədislərə tabe olmağı əmr edir və bildirir ki, Peyğəmbərin dinlə əlaqəli dedikləri və etdikləri özündən yox, Allahın ona əmri ilə olmuşdur. Bu xüsusda Uca Allah Qurani Kərimdə buyurur: "O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir". (ən-Nəcm, 3-4).
Başqa bir ayədə Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).
Peyğəmbərə tabe olmaq isə onun hədislərinə əməl etməklə olur. Uca Allah buyurur: "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin". (əl-Həşr, 7).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mənə Kitab və Onun bənzəri verilmişdir". (Sunən Əbu Davud, 4604). 
Göründüyü kimi Quran bizə Peyğəmbərə itaət edib onun sünnəsinə (hədislərinə) riayət etməyi əmr edir. Hədis elminin vacibliyi də məhz bu səbəbdən meydana gəlmişdir. 

 

Teqlər: 
Paylaş: