Namaz qıldığıma görə nənəm məni əsəbləşdirir
Aleykum salam. Nənənizin namaza görə sizinlə pis rəftar etməsi və sizə maneçilik törətməsi özü bir günahdır. Lakin buna baxmayaraq Uca Allah valideynlərlə yaxşı davranmağı buyurmuşdur. Uca Allah Qurani Kərimdə İbrahim peyğəmbərin (Ona Allahın salamı olsun) atası kafir olduğu halda onunla necə yumşaq rəftar etməsi haqda danışaraq belə buyurur: "Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan". Atası dedi: "Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!" İbrahim dedi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır". (Məryəm, 41-47).