İnsan fala baxdırarsa, dindən çıxmış sayılarmı?

    07.10.2019
Sual: 
Salam. Bir videoda eşitdim ki eger insan fala baxdirib inansa ve ya qoroskopa inansa o insan dinden çixmiş olur, ve eledikleri butun emelleri sifirlanir. Buna gore de tezden gerek kelmeyi şehadeti desin. Sualim odur ki heqiqetende insan dinden cixmiş olur mu? Ve eger duzdurse ne etsin?
Cavab: 
Və aleykum Salam. Ulduz falına və ya insanın gələcəyi ilə bağlı məlumat verən hər hansı bir fala inanmaq küfrdür. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399).
Bəzən falçıya getmək və bürclərə inanmaq böyük günah, bəzən isə insanı İslamdan çıxaran böyük küfr olur. Hədisdən gördüyümüz kimi falçıya gedənlər müxtəlif məqsədlərlə gedirlər:
1) Bəziləri falçıya gedib ondan müəyyən şeylər soruşur, lakin onun dediklərini təsdiqləmirlər. Belə edənlər böyük günah edirlər və bu günaha görə qırx gün onların  namazları qəbul olmur. Necə ki, Peyğəmbərimiz (salləllahu aleybi və səlləm) bu barədə biz xəbər vermişdir. 
2) İkinci qisim insanlar isə falçıya gedib onun dediklərinə inanır və onu təsdiqləyirlər. Belə edənlər küfr etmiş olurlar. Çünki onlar falçının qeybi bildiyini iddia etmiş olurlar. Halbuki, qeybi Uca Allahdan başqa heç kəs bilməz. Uca Allah buyurur: "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər". (ən-Nəml, 65). Qeyb dedikdə keçmiş, indiki və gələcəklə bağlı insan zəkasına gizli qalan hər bir şey nəzərdə tutulur.
Falçının qeybi bildiyini iddia edənlər isə bu ayəni inkar etmiş sayılırlar. Bu isə küfrdür. Əgər Allahın Elçisi Muhəmməd (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qeybi bilmirdisə, onda digər insanlar necə?! Uca Allah buyurur: "De: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm". (əl-Əraf, 188). 
Əgər mömin insan falçıya gedib fala baxdırsa və onun dediklərinə inansa, artıq küfr etmiş olur. Hər bir halda bu günahı edən tövbə edib kəlmeyi-şəhadəti gətirməli və Allahdan bağışlanma diləməlidir, həqiqətən, Allah tövbələri qəbul edir. Tövbə etdikdən sonra əvvəl etdikləri yaxşı əməlləri ona yazılır.
Bürclərə inanmağa gəlincə, əgər insan bürcləri oxuyub onların insanın həyatına, kainata təsir etdiyinə inanırsa, bu, insanı İslamdan çıxaran böyük küfrdür. Əgər insan sadəcə bürcləri oxuyur və bu bürclər altında doğulan insanların müəyyən xasiyyətə sahib olduğunu iddia edirsə, bu etiqadda olmaq günahdır. Buna görə insan tövbə etməli və Allahdan bağışlanma diləməlidir. Həmçinin oxuyun:
Sehrbazların oyunu
Bürclərə inanmaq günahdır?

Bəd əlamətlərə inanma!
Paylaş: