Musiqidən əl çəkə bilmirəm, buna görə günah qazanırammı?
Va aleykum Salam. Dinə bağlı olmağınız və günah əməllərdən çəkinməyiniz sevindirici haldır. Çünki bu, mömin insanın sifətlərindəndir. Musiqinin dinimizdə haram olduğunu bilərək ondan çəkinməmək imanın zəifliyinə dəlalət edir. Uca Allah insanı yaratmış və ona nəyin xeyirli, nəyin isə zərərli olduğunu bildirmişdir. Uca Allahın haram etdiyi hər bir şeydə zərər, əmr etdiyi hər bir şeydə isə xeyir vardır. Ola bilər ki, insan Allahın haram etdiyi bir şeyin ilk baxışdan nəyə görə haram edildiyini dərk etməsin, bəzi hallarda isə onun xeyirli olduğunu düşünsün. Lakin Uca Allah insanı onun özündən daha yaxşı tanıyır və onun üçün nəyin xeyir, nəyin isə zərər olduğunu daha yaxşı bilir. Uca Allah bu xüsusda buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216).
Uca Allah musiqini haram etmişdir. Çünki musiqi şeytanın səsidir. Uca Allah buyurur: "Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!" (əl-İsra, 64).
Təfsir alimlərinə görə bu ayədə "səsinlə yerindən oynat" dedikdə musiqi nəzərdə tutulur. Şeytan musiqi vasitəsilə insanları Allahı zikr etməkdən və Quranı dinləməkdən yayındırmaq istəyir. Şeytan musiqini insanların, xüsusən də qadınların səsləri ilə bəzəyir və elə göstərir ki, sanki insan musiqisiz yaşaya bilməz. Musiqi insanın qəlbini korlayır və ona sərxoşedici içki kimi aldadıcı rahatlıq hissi verir.
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nə özü, nə də onun səhabələri musiqi dinləməmiş, əksinə bu, qadağan olunmuşdur. Onların qəlbləri Allahı zikr etmək, Quran oxumaq, elm öyrənmək və ibadət etməklə rahatlıq tapırdı. Uca Allahın buyurduğu kimi: "Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır". (ər-Rad, 28).
Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Ümmətimdən elə insanlar olacaqdır ki, ipəyi, içkini və musiqini halal görəcəklər". (Səhih əl-Buxari, 5590).
Eşqi tərənnüm edən musiqilər insanı batil xəyallara, şəhvani hislərə və günahlara sövq edir. Hətta bəzi alimlər belə demişlər: "Musiqi zinanın xidmətçisidir" və ya "zinanın carçısıdır". Həmçinin oxuyun:
Musiqi dinləmək, oxumaq və rəqs etmək icazəlidirmi?
Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?