Ər öldükdən sonra kəbin nə zaman pozulur?

    05.09.2019
Kimdən: 
Gizli
Sual: 
Salam aleykum. Bir evli ailə də kişi öldükdən sonra onların kəbini nə zaman pozulur?
Cavab: 

Va aleykum salam. Ər vəfat etdikdən sonra evlilik sona yetir və kəbin pozulur. Lakin şəriət əri vəfat etmiş qadının dörd ay on gün gözləməsini və ərinə yas tutmasını əmr etmişdir. Qadın ərinin ölən gündən etibarən dörd ay on gün gözlədikdən sonra ərə getmək hüququ vardır. Bu müddətdən əvvəl bağlanan nigah batildir. Bunun isə bir çox faydaları var. Bu hökmün faydalarından biri odur ki, qadının bu müddətdə hamilə olub-olmaması aydınlaşsın. Uca Allah bu xüsusuda buyurur: "Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitərkən şəriətə müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Bəqərə, 234). 
Lakin, hamilə ikən əri ölən qadınlar bu hökmə daxil olmurlar. Çünki, Uca Allahın: "Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir". (ət-Taləq, 4) - ayəsinə əsasən, hamilə qadınların iddəsi (gözləmə müddəti) kişi vəfat etdikdən az bir müddət keçmiş olsa belə hamiləlik bitənə qədərdir. İbn Kəsir bu ayənin təfsirində demişdir: "Buradan aydın olur ki, əri vəfat edən qadına iddə müddəti qədər yas tutmaq vacibdir. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Ummu Həbibə və möminlərin anası Zeynəb bint Cəhşdən (Allah onlardan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allaha və Axirət gününə iman gətirmiş qadına ölmüş bir kimsə üçün üç gündən artıq yas saxlamaq halal deyildir. Yal­nız əri üçün dörd ay on gün (yas saxlaya bilər)" (əl-Buxari, 1201, 4918, 5334; Muslim, 2730, 3798).
Burada yas tutmaq dedikdə, ətirdən və zinət əşyalarından istifadə etməyi, gözəl paltar geyinməyi və s. şeyləri tərk etmək nəzərdə tutulur. Qadına iddə müddətində bunları tərk etmək vacibdir. Həmçinin oxuyun: Əri ölən qadın nə etməlidir?

 

Teqlər: 
Paylaş: