Cadu olunduğundan şübhələnən adam nə etməlidir?
Əssələmu aleykum. Hər hansı bir yerdə otun bitməməsi həmin yerdə cadunun olması anlamına gəlmir. Bunun başqa təbii səbəbləri ola bilər. Uca Allah insanı imtahan üçün yaratmış və onu həyatı boyu müxtəlif çətinliklərlə sınayacağını bildirmişdir. Uca Allah bu xüsusda buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).
Başqa bir ayədə buyurur: "Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz". (Ali İmran, 186).
Buna görə də həyatda hər hansı bir çətinliklə üzləşəndə bunu cadu ilə əlaqələndirmək düzgün deyil. Belə düşündükcə, şeytanın vəsvəsələri də artır. Həmçinin, Uca Allah şeytandan qorunmağın yollarını bizə bildirmişdir. Şeytandan qorunmağın yeganə yolu Uca Allaha sığınmaq, Ona itaət etmək, Allahı çox zikr etmək, namaz qılmaq və günahlardan çəkinməkdir. Allaha sığının və səhər-axşam zikrlərini müntəzəm olaraq yerinə yetirin. Ayətul-Kursi, əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini tez-tez oxuyun. Ətraflı məlumat əldə etmək üçün bu cavabları oxuyun:
Sehr nədir?
Cadu olunmasının əlamətləri hansılardır?
Cadudan necə qorunmaq olar?