Kişi imkanı olduğu halda ailəsinə baxmırsa, qadın boşanma tələb edə bilərmi?
Va aleykum Salam. Hər bir kişiyə vacibdir ki, ailəsini və himayəsində olan insanları maddi cəhətdən təmin etsin. Uca Allah mübarək kitabında bu xüsusda belə buyurur: "Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər". (ən-Nisa, 34).
"Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz". (ət-Talaq, 7).
Muaviyə ibn Heydə əl-Quşeyrinin (Allah ondan razı olsun) hədisində rəvayət edilir ki, bir dəfə o, Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşmuşdur: "Ey Allahın Elçisi, zövcələrimizin bizim üzərimizdə olan haqları nədir?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Yediyindən ona da yedirtməli, geyindiyindən ona da geyindirməlidir...". (Əbu Davud, 2144; əl-Hakim, 2764).
Hədisdən gördüyümüz kimi zövcəsini və ailəsini maddi cəhətdən təmin etmək kişinin üzərinə düşən haqlardan biridir. Əgər kişi ailəsinin zəruri ehtiyaclarını (yaşamağa yer, yemək-içmək, geyinmək, tibbi məsrəflər və s.) ödəyirsə, bu halda o, artıq ailəsi qarşısında öz vəzifəsini yerinə yetirmiş sayılır və bu halda qadının ərindən boşanma tələb etməsi səbəbsiz sayılır və günah hesab olunur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Lazımsız yerə ərindən boşanma tələb edən qadına Cənnət qoxusu haram olar". (Əbu Davud, 2226, 2228; ət-Tirmizi, 1187, 1225; İbn Macəh, 2055).
Əgər kişi imkanı olduğu halda xəsisliyindən dolayı ailəsinin zəruri ehtiyacları ödəməkdən imtina edirsə, bu halda qadının iki seçimi var: ya səbir edib ərinin islah olunması üçün çalışsın, ona nəsihət etsin, yola gətirsin və Allaha dua etsin, ya da vəlisinə (atasına, qardaşına və s.) müraciət edərək ərindən ayrılmağı tələb etsin. Lakin onun səbir etməsi və ailəsini qorumağa çalışması onların hər ikisi üçün daha yaxşıdır. Çünki, boşanma daha böyük fəsadlara yol aça bilər. Həmçinin oxuyun:
Ərim mənimlə maraqlanmır, nə edim?
Ərim mənə maraq, qayğı göstərmirsə, boşanma tələb edə bilərəmmi?
Qadın ərinin cibindən icazəsiz pul götürə bilərmi?