Övladların küsülü olan valideynlərə münasibəti necə olmalıdır?
Əssələmu aleykum. Valideynləri küsülü olduqda övladlar onları barışdırmağa çalışmalıdırlar. Çünki həm atanın, həm də ananın övladlar üzərində haqqı böyükdür. Hətta onlardan biri haqsız olsa belə, övladlar haqlı olan tərəfə meyl edib digər tərəfi çətin vəziyyətə salmamalıdırlar, onunla kobud rəftar etməməlidirlər. Əksinə haqsız olan tərəfi gözəl şəkildə səbirlə başa salmalı və bundan bezməməlidirlər. Əgər yola gəlməsə, o halda atanızın qohumlarından hörmət etdiyi və sözünü eşitdiyi bir adama müraciət edə bilərsiniz. Uca Allah bu xüsusda buyurur: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır" (ən-Nisa, 34).
Uca Allah bu ayədə bildirir ki, əgər ər-arvad arasında ixtilaf baş verərsə, bu halda hər iki tərəfin qohumlarından əməlisaleh bir kəsə müraciət etmək lazımdır. Övladların üzərinə düşən isə hər ikisinə eyni dərəcədə gözəl münasibət bəsləməkdir. Həmçinin, onların islah olunması üçün Allaha dua edin. Uca Allah Quranda övladları valideynləri üçün dua etməyə yönəldərək buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de." (əl-İsra, 23-24). Həmçinin oxuyun:
Ailədə münaqişələrin yaranmaması üçün nə etmək lazımdır?