İstixarə mənfi çıxarsa, yenə istəmək olarmı?

    07.11.2019
Kimdən: 
Naza
Sual: 
Salam Aleyküm. İstixarede menfi çıxdığı teqdirde yene de istemek ne derecede düzgündü? Bir şey olmursa ola bilermi ki sonradan Allahın izniyle olsun?
Cavab: 

Va aleykum salam. Dinimizdə "İstixarə" dedikdə, iki rükət namaz qılıb sonra görmək istədiyin işi Allaha həvalə etmək, işin xeyirli olacağı təqdirdə Allahdan onun həyata keçməsini, əks halda isə onun baş verməməsini diləmək nəzərdə tutulur. Cabir ibn Abdullah rəvayət edir ki, Pey­ğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: «Sizdən biri­niz bir işi görməyə qərar verdikdə fərz namazla­rın­dan əlavə iki rükət namaz qılsın və de­sin:
“Allahım, Səndən Öz elminlə mənə kömək et­məyi və Öz qüdrətinlə mə­nə qüdrət verməyi dilə­yirəm. Səndən, Sənin böyük lütfünü diləyi­rəm. Şüb­hə­siz ki, Sənin hər şeyə qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən hər şeyi bi­lirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım, bu işin (işin adını çə­kir) mənim dinim, yaşayı­şım və aqibətim üçün tez və ya gec xeyirli ol­duğunu bilirsənsə, onu mənə nəsib et, asan­laşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim di­nim, yaşa­yı­şım və aqibətim üçün tez və ya gec zərərli ol­du­ğu­nu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olur­sa-olsun, mənə xeyir nəsib et, son­ra məni ondan razı sal!” (əl-Buxari, 1162). Təsbehlə və digər şeylərdən istifadə edərək istixarə etmək olmaz. Bu daha çox fala baxmağa bənzəyir. Çünki qeybi Allahdan başqa heç kəs bilmir. Bütün işlərin aqibətini bilən yalnız Allahdır. Uca Allah bu xüsusda buyurur: "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz" (ən-Nəml, 65).

Uca Allahdan bir şey istədikdə, onun həyata keçib-keçməməsini və baş vermə zamanını Allaha həvalə etmək lazımdır. Əgər Allaha dua etdikdən sonra bir iş alınmırsa, demək ki, bu işin həmin vaxt baş verməsi xeyirli deyil. Bu zaman ümidsiz olmaq və Allah barədə pis zənnə qapılmaq olmaz. Əksinə, Allah barədə gözəl zənn edin və dua etməkdə davam edin. Uca Allah xeyirli bir vaxtda istəyinizi həyata keçirəcək. Çünki hansı işin bizim üçün daha xeyirli, hansının isə zərərli olduğunu Allahdan başqa heç kəs bilməz. Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz" (əl-Bəqərə, 216).

Bu səbəbdən bir xeyir iş görmək istədikdə, Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi istixarə namazı qılın və dua edərək işinizi Allaha həvalə edin. İstixarə namazı barədə daha ətraflı bu linklərdən oxuya bilərsiniz: 

İstixarə namazı necə qılınır?

Quranla istixarə etmək barədə

 

Teqlər: 
Paylaş: