Girov qoyulmuş torpağı sahibinin izni olmadan satmaq olarmı?
Va aleykum salam. Sualınızdan sizin torpağı əminiz oğluna satmağınız və ya girov qoymağınız dəqiq anlaşılmır. Çünki girov qoymaqla satmaq arasında böyük fərq var. Həmçinin, bilmək lazımdır ki, qaytarmaq şərti ilə satmaq şəriətə uyğun deyil. Çünki satış müəyyən pul və ya mal qarşılığında bir şeyi qarşı tərəfin daimi mülkiyyətinə keçirtməkdir. Əgər torpağı satmışdınızsa, demək ki, torpaq onun mülkiyyətinə keçib və o, bu torpağı satmağa haqqı var. Əgər qarşı tərəf mala müvəqqəti sahib olursa, bu satmaq adlanmır. Girov isə borc qarşılığında zəmanət üçün qoyulan və borc ödənmədiyi təqdirdə borcun məbləği qədər götürülən mal və ya mülkdür. Əgər siz torpağı pul qarşılığında müəyyən müddətə girov qoymuşdunuzsa, borcun müddəti tamamlanmadan əminiz oğlunun girov qoyulan torpağı satmağa haqqı yoxdur. Əgər satmışsa, ona məxsus olmayan mülkü satdığına görə bu ticarət etibarsız sayılır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu əməldən çəkindirərək buyurmuşdur: "Sənin olmayan bir şeyi satma!" (ət-Tirmizi, 1234. Əbu Davud, 3504).
Ticarətin şəriət baxımından düzgün sayılması üçün tələb olunan şərtlərdən biri də satan adamın satdığı mala sahib olması və ya satmaq üçün ona etibar edilməsidir. Şəriətə görə əgər borclu götürdüyü borcu müəyyən olunmuş vaxtda ödəyə bilməzsə və girov qoymuşsa, bu zaman borc sahibi yalnız borclunun izni ilə girovu sata bilər. Əgər girovun dəyəri götürülmüş borcdan artıq olarsa, bu zaman borcun məbləği götürüldükdən sonra yerdə qalan məbləğ sahibinə (borcluya) qaytarılmalıdır.