Rəsulullahın vida həcci

    03.10.2019

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – hicrətin 10-cu ilində, miladi tarixlə 632-ci ildə vəfatına təqribən üç ay qalmış bir dəfə həcc etdi. Buna görə həmin həccə vida həcci, orada verdiyi xutbəyə də vida xutbəsi deyilir. Rəvayət edilir ki, Zeyd ibn Ərqam demişdir: "Peyğəmbər on doqquz döyüşdə iştirak etmişdir. O, Mədinəyə hicrət etdikdən sonra bir dəfə həcc zi­ya­rə­tin­də olmuş və bundan sonra bir daha həcc ziyarətinə getməmişdir. Bu da vida həcci olmuşdur.” (əl-Buxari, 4404).
Peyğəmbərin həcc edəcəyi barədə xəbər verildikdə, Mədinə şəhərinə çoxlu insanlar axışdılar. Onların hamısı Peyğəmbərə tabe olaraq onunla həcc etmək istəyirdi.

O, zül-qadə ayının bitməsinə beş gün qalmış Mədinədə səhabələri ilə birlikdə zöhr namazını qıldı, onlara öyüd-nəsihət etdi və həccin əhkamlarını onlara öyrətdi. Cabir ibn Abdullah rəvayət edir ki, Peyğəmbər demişdir: “Ey insanlar! Həcc mərasimini məndən öyrənin. Çünki, mən bilmirəm, ola bilər ki, bu ildən sonra mən bir daha həcc etməyəcəm.” (Səhih əl-Cami, 7882).

O, səhabələri ilə yola çıxdı və şənbə günü zöhr namazından sonra Mədinə əhlinin miqatı sayılan zül-Hüleyfəyə gəlib çatdı. Miqat həcc və ya ümrə ziyarətini yerinə yetirmək üçün niyyət edilən yerdir. Peyğəmbər Mədinə əhli və oradan gəlib keçənlər üçün zül-Hüleyfəni miqat təyin etmişdir.

Peyğəmbər orada gecələyib bazar günü zöhr namazından sonra ihrama girdi. O, ihram üçün iki hissədən ibarət olan paltarı geyindi, qüsl alıb ətirləndi, sonra da əl-Qasvə adlı dəvəsinə minib təlbiyə gətirərək Məkkə şəhərinə yollandı. Peyğəmbər uca səslə təkrar-təkrar deyərək təlbiyəni belə gətirirdi: Ləbbeykə-llahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl-həm­də vən-ni'mətə, ləkə vəl-mulk, lə şərikə lək.” (Hüzurundayam, Allahım, hüzurunda­yam! Hüzurundayam, Sənin şərikin yoxdur, hüzu­runda­yam! Həmd Sənədir, nemət və mülk Sənə məxsusdur, Sənin şərikin yoxdur).

Zülhic­cənin dördündə Pey­ğəmbər səhabələri ilə birlikdə Məkkəyə gəldi, Kəbəni təvaf etdi və İbrahim peyğəmbərin məqamı adlanan yerin arxasında iki rükət namaz qıldı. Sonra Səfa və Mərva təpələri ara­sında yeddi dəfə səy etdi. 
Tərviyə (zül-hiccə ayının səkkizinci) günü Peyğəmbər miniyinə qalxdı və həccə niyyət edərək Minaya üz tutdu. Peyğəmbər orada zöhr, əsr, məğrib, işa və sübh namazlarını qıldı və günəş doğana kimi oturdu. Sonra yoluna davam etdi və zül-hiccə ayının doqquzu Məkkədən iyirmi beş kilometr aralıda yerləşən Ərafat adlı yerə gəldi. Orada durduqda, ona: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim” (əl-Maidə, 3) - ayəsi nazil oldu. 
Peyğəmbər Ərafatda insanlara xutbə verdi, gün batana kimi dayandı və gecənin zülmətı çökdükdə yola düşdü.

Nəhayət, Müzdəlifəyə gəlib çatdı. O, dəvəsindən yerə dü­şüb ka­mil şə­kil­də dəstəmaz aldı. Sonra namaz qılmaq üçün iqamə verildi və o, məğ­rib namazı­nı qıldırdı. Sonra hər kəs öz dəvəsini dayandığı yerdə dizi üstə çök­dür­dü. Sonra işa namazının iqaməsi verildi və o, camaata namaz qıl­dırdı. Sonra uzanaraq sübh namazına kimi yatdı.
Zül-hiccənin onunda, bayram günü Peyğəmbər Minaya gəldi və daş atmaq üçün böyük sütuna yaxınlaşdı və ona yeddi daş atdı. Sonra qurban kəsilən yerə gəldi və özü ilə gətirdiyi altmış üç qurbanı kəsdi. Sonra dəvəsinə minib Kəbə evinə endi.

Peyğəmbər Ərafat və bayram günlərində insanlara xitab edərək belə demişdir: “Zaman, Allah yerləri və göyü yaratdığı gündən bəri heç dəyişmədən dövran etməkdədir. İl on iki aydan ibarətdir. Bunlardan dördü haram aylardır. Haram aylardan üçü – zülqədə, zülhiccə və muhərrəm dalbadal gəlir. Dördüncüsü isə Mudər qə­bi­­ləsinin digər on bir aydan üstün tutduğu və cümadəl-Axir ilə Şaban ay­ları arasında keçən rəcəb ayıdır.” Sonra Peyğəmbər soruşdu: “İndi hansı aydır?” Dedik: “Allah və Onun rəsulu daha yaxşı bilir.” Peyğəmbər bir qə­dər susdu, hətta biz elə zənn etdik ki, o bu ayı başqa adla adlandıracaq. O de­di: “Məgər zülhiccə ayı deyilmi?!” Biz: “Bəli”– deyə cavab verdik. Sonra so­ruşdu: “Bura hansı şəhərdir?” Dedik: “Allah və Onun rəsulu daha yaxşı bi­­lir.” Peyğəmbər bir qədər susdu, hətta biz elə güman etdik ki, o bu şə­hə­ri başqa adla adlan­dıracaq. O dedi: “Məgər müqəddəs şəhər deyilmi?!” Biz: “Bəli”– deyə cavab verdik. Yenə soruşdu: “Bu gün hansı gündür?” De­dik: “Allah və Onun rəsulu daha yaxşı bilir.” Peyğəmbər bir qədər sus­du, hətta biz elə zənn etdik ki, o bu günü başqa adla adlandıracaq. O dedi: “Mə­gər qurban günü deyilmi?!” Biz: “Bəli”– deyə cavab verdik. Onda o bu­yur­du: “Şübhəsiz ki, qanı­nız da, malınız da sizə bu şəhəri­nizdə və bu ayı­nızda bu gününüzün haram olduğu kimi haramdır (toxunulmazdır). Siz tezliklə Rəb­binizin hüzurunda duracaqsınız. O sizdən əməlləriniz barədə soruşacaq. Diqqət edin! Məndən sonra azğınlığa düşüb bir-birinizin boynunu vurmayın! Qoy burada olanlar eşitdiklərini aramızda olmayanlara təbliğ etsinlər. Ola bilər ki, özlərinə təbliğ olunacaq kimsələrin bəzisi, mənim dediklərimi öz qulağı ilə eşidənlərin bəzisindən daha yaxşı qavrasın.” Sonra Peyğəmbər iki dəfə: “Bu dini sizə təbliğ etdimmi?”– dedi.” (əl-Buxari, 4406).

Paylaş: