Kiprik qaynaq etdirmək dəstəmaza maneə olurmu?

    07.01.2020
Kimdən: 
Samire
Sual: 
Salam aleykum. Kirpik qaynağı destamaza mane olur mu?
Cavab: 

Va aleykumus-sələm. Əvvəla bunu qeyd edək ki, kiprik qaynaq etmək haramdır və böyük günah sayılır. Həmçinin, saç, dırnaq qaynaq etdirmək də buna aiddir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bunu qadağan etmiş və belə buyurmuşdur: "Allah saça saç əlavə edənə (qaynaq edəni) və etdirənə, habelə döymə döyənə (tatuirovka edənə) və döymə döydürənə lənət etmişdir". (əl-Buxari, 5937. Muslim, 2122). Başqa bir hədisdə Əsma bint Əbu Bəkr (Allah ondan razı olsun) belə rəvayət edir: "Bir qadın Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gələrək belə dedi: "Ey Allahın Elçisi, təzə gəlin olacaq bir qızım var. O qızılca xəstəliyinə tutulub və saçının bir qismi tökülüb. Onun başına saç əlavə edimmi?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Uca Allah saç əlavə edəni və etdirəni lənətləmişdir". (Muslim, 5687; ən-Nəsai, 5007). Allahın lənət etdiyi günahlar böyük günah sayılır. Bu əməlin haram olmasına səbəb isə belə etdirmək yalan və aldatmaq sayılır. İslam dini yalanı və aldatmağı haram etmişdir. 


Kiprik qaynaq etdirməyin dəstəmaza təsirinə gəlincə (haramlığını nəzərə almasaq), belə etmək dəstəmaza maneə deyil. Çünki qaynağın altından kiprik islanır və suyu keçirir.

Paylaş: