Münafiqlik nədir?
Nifaq (münafiqlik) sözü "nəfiqa" sözündən götürülmüşdür. Bu isə ərəbdovşanının yuvasının iki çıxışından birinə deyilir. Əgər yuvanın bir çıxışından onu tutmaq istəsələr, o qaçaraq o biri çıxışdan canını qurtarar. Həmçinin, deyilənə görə münafiq sözü "nəfəq" sözündən götürülmüşdür. Bu isə gizlənmək üçün istifadə edilən yeraltı tunel deməkdir.
İslam şəriətində isə münafiq qəlbində küfrü və şəri gizlətdiyi halda müsəlman olduğunu izhar edən adama deyilir. Münafiq kafirlərin ən şər olanıdır. Uca Allah buyurur: "İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar" (əl-Bəqərə, 8-9).
Münafiq dinə bir qapıdan daxil olub digərindən çıxdığına görə belə adlandırılmışdır. Münafiq küfr etdiyinə görə bütövlükdə Allahın itətindən çıxmışdır. Uca Allah buyurur: Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar. Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır” (ət-Tovbə, 67-68).
Muhəmməd peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Mədinə şəhərinə hicrət etdikdən sonra Mədinədə müsəlmanlar çoxaldı və İslam dini qüvvətləndi. Mədinədə Əus və Xəzrəc qəbiləsindən olan bir sıra adamlar cəmiyyətdəki yüksək mövqelərini itirməmək, həyatlarını və var-dövlətlərini qorumaq məqsədilə qəlbən inanmadıqları halda özlərini mömin kimi göstərirdilər. Onlar Peyğəmbərin yanında olduqda ikiüzlülük edərək üzdə Peyğəmbərə iman gətirmiş olduqlarını göstərir, qəlblərində isə bunun tam əksini gizlədirdilər.
Nifaqın növləri
Nifaq, böyük və kiçik olmaqla, iki növdən ibarətdir. Bunlara etiqadi və əməli nifaq da deyilir. Etiqadi nifaq qəlbində küfr gizlətdiyi halda üzdə iman gətirdiyini göstərməkdir. Nifaqın bu növü sahibini dindən çıxardır və axirətdə Cəhənnəmin ən şiddətli əzabına düçar edir. Uca Allah buyurur: Uca Allah buyurur: “Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən” (ən-Nisa, 145).
Uca Allah Qurani-Kərimdə münafiqləri ən pis sifətlərlə vəsf edir. Onlar küfr edərək dinə və dindarlara istehza edir, özlərini möminlərə dost kimi göstərib qəlblərində İslama və onun ardıcıllarına ədavət bəsləyirlər. Onlar gizli və çox təhlükəli düşmənlərdir.
Münafiqlər hər zaman mövcud olurlar, xüsusən də, İslamın güc qazandığı dövrlərdə açıq şəkildə din əleyhinə çıxa bilmədiklərinə görə daha çox meydana gəlirlər. Buna görə də onlar gizlində İslama və onun ardıcıllarına hiylə qurmaq və müsəlmanların yanında qanlarından və mallarından arxayın yaşamaq üçün zahirən İslamı qəbul edirlər. Münafiq Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, axirət gününə və qədərə iman gətirdiyini izhar edir, daxilində isə bu əsasları qəbul etmir və yalan sayır. Uca Allah Qurani-Kərimin ət-Tovbə, əl-Munafiqun, ən-Nur və digər surələrində münafiqlərin maskalarını yırtaraq onların gizli niyyətlərini aşkara çıxartmışdır. Onlar özlərini canıyanan göstərir, əslində isə hər bir əlverişli məqamda İslama zərbə vurmağa çalışırlar. Avamlar isə onların əməllərini elm və islah olduğunu zənn edirlər.
Nifaqın digər növü isə əməli nifaqdır. Bu, qəlbdə iman olduğu halda münafiqlərin əməllərindən bir əməli etməkdir. Nifaqın bu növü sahibini dindən çıxartmır, lakin ona böyük günah qazandırır. Peyğəmbər demişdir: “Dörd xislət var ki, bunlar kimdə olarsa, əsil münafiq sayılar və hər kimdə bunlardan biri olarsa, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti daşımış olar: ona əmanət verildiyi zaman xəyanət edər, danışdığı zaman yalan danışar, əhd bağladığı zaman əhdini pozar və mübahisə etdiyi zaman haqsızlıq edər”. (Səhih əl-Buxari, 34).
Bu dörd xislətə sahib olan şəxs bütün şəri özündə toplayan əsil münafiqdir. Hər kimdə bu dörd xislətdən biri olarsa, o şəxs özündə münafiqlikdən bir xislət daşımış olur. Çünki, bir insanda, eyni zamanda, həm xeyir, həm də şər xislətlər cəm ola bilər. Əməli nifaq kiçik sayılmasına baxmayaraq sahibi üçün çox təhlükəlidir. Peyğəmbərin səhabələri nifaqın bu növünə düşməkdən qorxurdular.