Evdə tutuquşunun ac qalaraq öldüyünə görə sahibi günah qazanırmı?
Əssələmu aleykum. Dinimiz hər bir canlıya qarşı şəfqətli olmağı əmr edir. Zərərvericilər istisna olmaqla Dinimiz səbəbsiz olaraq heyvanları öldürməyi və onlara əziyyət verməyi qadağan etmişdir. Sualdan aydın olur ki, tutuquşuların ölməyinə səbəb sizin səhlənkarlığınız olmuşdur. Bu səbəbdən onların ac qalıb tələf olduqlarına görə günah qazanmısınız. Buna görə tövbə edin və Allahdan bağışlanmağınızı diləyin. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bir qadın pişiyi öldürdüyünə görə Cəhənnəmə girmişdir. Bu qadın pişiyi acından ölənədək evdə saxlamış, nə ona yemək vermiş, nə də onu sərbəst buraxmışdır ki, gedib özünə yem tapsın" (əl-Buxari, 745). Başqa bir hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bir dəfə bir adam yolla gedərkən bərk susadı və bir quyuya enib su içdi. Sonra quyudan bayıra çıxdıqda bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb öz-özünə: “Mən susadığım kimi, bu it də susamışdır”– dedi və quyuya enib ayaqqabısını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub quyudan çıxdı və itə su verdi. Allah da ona bunun mükafatını verdi və onu bağışladı". Əshabələr dedilər: "Ey Allahın elçisi, məgər heyvanlara etdiyimiz yaxşılıqlara görə də bizə savab yazılır?" O buyurdu: "Hər bir canlıya göstərdiyin qayğıya görə savab vardır" (əl-Buxari, 2363). Həmçinin oxuyun: Hansı heyvanları öldürmək olar?