Yusuf surəsinin 96-cı ayəsinin izahı nədir?
Va aleykumus-sələm və rahmətullah. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız". (əl-Maidə, 35). Bu ayədə vasitə dedikdə Allaha yaxınlaşdıran əməllər, namaz, oruc və s. nəzərdə tutulur. İbn Kəsir bu ayənin təfsirində deyir: "Qatədə demişdir: "Ona yaxınlaşmaq üçün vasitə axtarın", yəni Allaha itaət etməklə və Allahı razı salacaq əməllərlə Ona yaxınlaşın". Təvəssül barədə ətraflı məlumat almaq üçün buradan oxuyun: Təvəssül nədir?
Yusif surəsinin 97-ci ayəsində qeyd edildiyi kimi Yaqubun oğullarının ondan Allahdan onlar üçün bağışlanma diləməsini istəmələrinə gəlincə, bu, dualarının qəbul olacağı güman olunan əməlisaleh bir şəxsin duası ilə Allaha təvəssül etmək qəbilindəndir. Bu da dinimizdə icazə verilən bir əməldir. Hətta Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) səhabələri belə onun yanına gəlib ondan Allahdan onlar üçün bağışlanma diləməlirini istəyirdilər. Uca Allah bu xüsusda buyurur: "Biz hər bir elçini, – Allahın izni ilə, – məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər". (ən-Nisa, 64).
İbn Kəsir bu ayənin təfsirində deyir: "Uca Allah: "Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər" - buyuraraq asilik edən qullarını günah etdikləri zaman Peyğəmbərin yanına gedib Allahdan bağışlanma diləməyə, Peyğəmbərdən də onlar üçün Allahdan bağışlanma diləməyi xahiş etməyə yönəldir. Belə etdikləri təqdirdə Uca Allah onların tövbələrini qəbul edib onlara rəhm edəcək və onları bağışlayacaqdır. Bu səbəbdən Uca Allah ayənin sonunda: "əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər" - buyurur".
Ənəs rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cümə günü xütbə verərkən bir nəfər minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: "Ya Rəsulullah, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağmur endirsin."Peyğəmbər əllərini göyə qaldırıb dedi: "Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!” Vallahi, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Vallahi, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər xütbə verərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: "Ya Rəsulullah, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın. Peyğəmbər əllərini göyə qaldırıb dedi: "Allahım, yağışı üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, onu təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən yerlərə yağdır!" Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq..." (Səhih əl-Buxari, 1013; Səhih Muslim, 897).
Lakin, burada qeyd etmək lazımdır ki, dua etməsi tələb olunan əməlisaleh şəxs diri və dua etməyə qadir olan bir insan olmalıdır. Ölmüş və ya dua etmək iqtidarında olmayan insandan dua etməyi istəmək günah sayılır. Belə etmək əksinə, insanı Allahdan uzaqlaşdırır.
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) vəfat etdikdən sonra səhabələr Peyğəmbərin əmisi Abbasın (Allah ondan razı olsun) yanına gələrək ondan yağış üçün Allaha dua etməsini istədilər. Sözsüz ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Abbasdan Allaha daha yaxın bir insandır. Buna baxmayaraq səhabələrin Abbasa müraciət etmələri dəlildir ki, peyğəmbər olsa belə, vəfat etmiş insandan dua istəmək olmaz. Uca Allah Peyğəmbərə müraciət edərək buyurur: "Sözsüz ki, sən də öləcəksən, onlar da öləcəklər! Sonra siz Qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz". (əz-Zumər, 30-31).
Rəvayət edilir ki, quraqlıq üz verdikdə Ömər ibn Xəttab (Allah ondan razı olsun) Abbas ibn Abdul-Muttəlibin (Allah ondan razı olsun) vasitəsilə Allahdan yağış diləyib: "Allahım, biz Peyğəmbərimizin vasitəsilə Səndən yağış diləyərdik, Sən də bizə yağış endirərdin. İndi isə biz Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmisinin vasitəsilə Səndən yağış diləyirik, bizə yağış yağdır!"– deyər, Allah da onlara yağış yağdırardı". (Səhih əl-Buxari, 1010). Həmçinin oxuyun:
Allaha dua edərkən kəramət sahiblərinin xətrini vasitə tutmaq olarmı?
Kiminsə hörmətinə Allahdan istəmək olarmı? "Əssalətu vəs-sələmu aleykə ya Rasulallah, xuz biyədi, qallət hiyləti ədrikni ya Rasulallah" duasını oxumaq olarmı?