Sünnət namazı nədir və necə qılınır?

    16.04.2020
Sual: 
Assalamu aleykum.sünnət namazı nədir? Və necə etmək lazımdır.?
Cavab: 

Va aleykum salam. Sünnət namazları dedikdə, nafilə namazları nəzərdə tutulur. Nafilə namazları vacib olmayan namazlardır. Uca Allah qullarına mərhəmət edərək hər bir fərz (vacib) ibadətlə bərabər nafilə ibadətlər buyurmuşdur. Məsələn, beş vaxt fərz namazları ilə yanaşı nafilə namazlar da buyurulmuşdur. Həmçinin Ramazan ayında tutulan vacib orucla bərabər hər həftənin 1-ci və 4--cü günləri, habelə hər bir hicri ayın 13-14-15-i tutulan nafilə orucları vardır. Nafilə ibadətlərin buyurulmasının bir çox hikməti vardır. Bu hikmətlərdən biri də fərz ibadətlərini nafilə ibadətlərlə kamilləşdirməkdir. Çünki insan nə qədər çalışsa da, fərz ibadətlərini layiqincə yerinə yetirə bilmir. Nafilə ibadətləri fərz ibadətlərində buraxılan naqislikləri aradan qaldırır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qiyamət günü insan­ların əməllərindən ilk hesaba çəkilən namaz olacaq­dır. Rəbbimiz yaxşı bildiyi halda mələklərinə buyuracaq: "Qulumun fərz namazlarına baxın, onları tam, yoxsa naqis olaraq qılıb?” Əgər fərz namazları tam olarsa, onun üçün tam olaraq yazılacaq. Əgər onlardan bir şey əskik olarsa, Allah buyuracaq: "Baxın, qulumun nafilə (əlavə) namazları var­mı?" Əgər onun nafilə namazları olarsa, Allah: "Qulumun fərz namazlarını nafilə namazları ilə tamam­layın!" - deyə buyura­caq­dır. Sonra digər əməllər də bu cür hesaba çəkiləcək". (Əbu Davud, 864).
Həmçinin, nafilə ibadətlər Uca Allahın sevgisini qazanmağa və duaların qəbul olunmasına səbəbdir. Səhih bir hədisdə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allah buyurur: "Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasi­təsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyur­du­ğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sı­ğınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən mö­mi­nin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəd­düd etmirəm. Çünki Mən ona yamanlıq etmək istəmirəm". (Səhih əl-Buxari, 6021, 6502). Sünnət namazları barədə daha ətraflı məlumat almaq üçün buradan oxuyun: Sünnət namazları hansılardır?

Teqlər: 
Paylaş: