Küfr nədir?

    22.11.2019

Küfr sözü örtmək, gizlətmək deməkdir. Küfr imanın ziddidir. Bu, Allaha, Onun mələklərinə, müqəddəs kitablarına, elçilərinə, axirət gününə və qədərə inanmamaqdır. Uca Allah imanın bu altı əsasından bir qisminə iman gətirib digərlərini inkar edəni kafir adlandırır:
"Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər - məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq" (ən-Nisa, 150-151).

Küfrün növləri

Küfr, böyük və kiçik olmaqla, iki növdən ibarətdir. Bunlara etiqadi və əməli küfr də deyilir. Böyük küfr, sahibini əbədi Cəhənnəm əzabına düçar edir. Bu növə Peyğəmbərin gətirdiyi vəhyi yalan saymaq, Peyğəmbəri təsdiq etdiyi halda təkəbbürlük üzündən onu qəbul etməmək, Peyğəmbərin gətirdiyi vəhydən bilərəkdən üz döndərmək və imanı büruzə verib qəlbində küfrü gizlədərək münafiqlik etmək aid edilir. Uca Allah Peyğəmbəri yalan saymaq küfrü barəsində buyurur:

Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?” (əl-Ənkəbut, 68).
Kiçik və ya əməli küfr isə Qurani-Kərimdə və Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - səhih hədislərində küfr adlanan, lakin böyük küfr həddinə çatmayan bəzi günahlara deyilir. Uca Allah Qurani-Kərimdə insanın nemətlərə nankorluq etməsini küfr adlandıraraq belə buyurur: Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü” (ən-Nəhl, 112).

Həmçinin, səhih hədislərdə Peyğəmbər müsəlmana qarşı vuruşmağı küfr adlandıraraq belə demişdir: “Müsəlmanı söymək günah, ona qarşı vuruşmaq isə küfrdür.” (Səhih əl-Buxari, 48).
Peyğəmbər vida həccində demişdir: “Məndən sonra bir-birinizin boynunu vuraraq kafir olmayın”. (Səhih əl-Buxari, 121).
Peyğəmbər Allahdan qeyrisinə and içmək barəsində demişdir: "Kim Allahdan qeyrisinə and içərsə, küfr və ya şirk etmişdir". (Əbu Davud, 3/ 570).
Peyğəmbər İslamdan əvvəlki cahiliyyət dövrünün bəzi əməlləri haqda demişdir: “İnsanlarda iki xislət vardır ki, bunların onlarda olması küfrdür: əsil-nəcabətə tənə vurmaq və ölülərin üzərində vay-şivən salıb ağlamaq”.
Kiçik küfr, sahibini İslamdan çıxarmır və əbədi Cəhənnəm əzabına düçar etmir, lakin ona böyük günah qazandırır. 

 

Paylaş: