Təfsir elmi

    27.11.2019

Təfsir sözü izah etmək, açıqlamaq deməkdir. Təfsir mövzu və məqsəd baxımından ən üstün və ən şərəfli elmdir. Uca Allahın kəlamını öyrənən bu elmin məqsədi Allahın ayələrinin mənasını açıqlamaqdan ibarətdir. Uca Allah buyurur: “Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad, 29).

Təfsir elmi Allahın Kitabını başa düşüb həyatımıza tətbiq etməkdə böyük rol oynayır. Məhz bu elm vasitəsilə ayələrin nazil olma səbəbi, qiraətlərin oxunuşu, hökmü ləğv edilmiş ayələri, ayələrdən çıxan şəriət əhkamları və digər Quranla bağlı elmlər öyrənilir. Bu səbəbdən İslam alimləri həmişə bu elmə böyük önəm vermişlər. Quranı ilk təfsir edən şəxs Muhəmməd Peyğəmbər olmuşdur. Sonra səhabələr bu elmi Peyğəmbərdən götürərək sonrakı nəsilə, onlar da öz növbəsində bu elmi kitablara yazmaqla sonrakılara ötürmüşlər. Beləcə, Quranın təfsiri günümüzə qədər gəlib çatmışdır.

Təfsir elminin yaranması 

Təfsir elminin tarixi Muhəmməd Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - səha­bələrinin dövrünə gedib çıxır. Əsas etibarı ilə Pey­ğəmbərdən eşitdikləri hədislər əsasında Qur­anı təfsir edən səhabələrin başında dörd şidi xəlifə - Əbu Bəkr, Ömər, Osman, Əli, habelə Abdullah ibn Məsud, Abdullah ibn Abbas, Ubeyy ibn Kəb, Zeyd ibn Sabit, Əbu Musa əl-Əşəri və Abdullah ibn əz-Zu­beyr dururlar. Allah onlardan razı olsun! Səhabələr ayələri təfsir edərkən əsasən hədislərə və ərəb ədəbiyyatına aid şeir nümunələrin­ə istinad edirdilər. Bəziləri isə Kitab əhlinin rəvayətlərinə və ictihad nəticəsində əldə etdikləri görüşlərə üstünlük verirdilər. 

Səhabələrdən sonra gələn alimlər bu elmi səhabələrdən götürərək sonrakı nəsilə ötürmüşlər. Bunların sırasında Mucahid, Səid ibn Cubeyr, İkrimə ibn Cəbr, əl-Hə­sən əl-Bəsri Qətadə xüsusi olaraq seçilmişlər. Onlardan sonra gələnlərin dövründən etibarən təfsir sahə­sində müstəqil əsərlər yazılmağa başladı. Bundan əvvəl təfsirlə adətən mühəddislər (hədis alimləri) məşğul olurdular və təfsir elmi hədis kitablarının tərkibində yer alırdı.

Hicri 4-cü (miladi tarixlə 10-cu) əsrin əvvəlindən etibarən təfsir elmi böyük sıçrayışla inkişaf etməyə başladı. Bu dövrün təfsirləri arasında ət-Təbərinin qələmə aldığı böyük həcmli “Camiul-Bəyan fi Təfsiril-Quran” əsəri və Sə­ləbinin “əl-Kəşfu vəl-Bəyan an Təfsiril-Qur­an” kitabı böyük əhəmiyyətə malikdir.
Sonrakı əsrlərdə əl-Bəğəvi “Məalimut-Təf­sir”, İbn Kəsir “Təfsirul-Quranil-Əzim”, əs-Suyuti “əd-Durrul-Mənsur” və “Təfsirul-Cəlaleyn”, əş-Şovkani “Fəthul-Qədir”, əz-Zəməxşəri “əl-Kəşşəf”, əl-Qurtubi “əl-Cami li-Əhkamil-Quran” və başqa müəlliflərin qələmə aldıqları təfsirlər İslam aləmində şöhrət qazandı. Müasir dövrdə isə Muhəmməd əl-Əmin əş-Şinqitinin “Ədvaul-Bəyən” və Abdur-Rahmən əs-Səədinin “Təysirul-Azizur-Rahmən” adlı kitablarını misal gətirmək olar.

Təfsir elmi ilə məşğul olana “müfəssir” de­yilir. Mufəssir ərəb dilinin qrammatikasını, hədis, fiqh (şəriət) və tarix elmlərini mü­kəmməl bilməlidir.

Quranı təfsir edərkən hansı mənbələr əsas götürülür?

Quranı təfsir edərkən aşağıdakı mənbələrə müraciət olunur:

1. Qurani-Kərim. Quranın bəzi ayələri digərlərini açıqlayır. Quranı nazil edən Uca Allah öz kəlamını hamıdan yaxşı bilir. Buna misal olaraq Uca Allahın “Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna. Qəzəbə uğramışların və azmışların yoluna deyil!” (əl-Fatihə, 6-7) sözünü gətirmək olar. Uca Allahın “nemət bəxş etdiyin şəxslərin yoluna” sözünü başqa bir ayə, ən-Nisa surəsinin 69-cu ayəsi açıqlayır. Uca Allah buyurur:  Allaha və Onun Elçisinə itaət edənlər Allahın nemət bəxş etdiyi şəxslərlə - peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”. Beləliklə, Allahın nemət bəxş etdiyi şəxslərin peyğəmbərlər, sidq ürəkdən inananlar, şəhidlər və əməlisalehlərin olduğu bilinmişdir.

Həmçinin, Uca Allahın “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər” (Yunus, 62) ayəsindəki “Allahın dostları” kəlməsini sonrakı ayə izah edir: “Onlar iman gətirmiş və Allahdan qorxmuşlar” (Yunus, 63).
2. Peyğəmbərin hədisləri. Peyğəmbər Uca Allahın kəlamını insanlara çatdırmaq və açıqlamaq üçün göndərilmişdir. O, insanlar arasında Allahın kəlamının mənalarını ən yaxşı biləndir. Məsələn, Peyğəmbərimiz Uca Allahın “Ağ sap qara sapdan seçilənə qə­dər yeyin için” (əl-Bəqərə, 187) ayəsindəki “ağ sap”“qara sap” sözlərinin mənasını öz hədisində açıqlamışdır. Rəvayət edilir ki, Adiy ibn Hatim demişdir: “Ağ sap qara sapdan seçilənə qə­dər yeyin için” ayəsi nazil olduqda mən bir ağ və bir qara ip götürüb yas­tı­ğı­mın altına qoydum və gecə boyunca bu iplərə baxdım, lakin heç bir şey ayırd edə bil­mədim. Səhəri gün Peyğəmbərin yanına gəlib nə etdiyimi ona xəbər ver­dim. Peyğəmbər mənə dedi: “Əslində, bu, gecənin qaranlığı və gün­dü­zün aydınlığı­dır.” (əl-Buxari, 1916).

3. Səhabələrin sözləri. Xüsusən də təfsir elmi ilə tanınan səhabələr. Səhabələr Quranın təfsirini ən yaxşı bilən insanlardır. Çünki, Quran onların yaşadığı dövrdə, onların öz dilində və iştirakı ilə nazil olurdu. Onlar Quranı düzgün başa düşmüş, doğru elmə yiyələnmiş və bildiklərini öz xeyirxah əməlləri ilə təsdiqləmişlər. Səhabələr daim Peyğəmbərin ətrafında olurdular və onun dediyi sözləri eşidib yadda saxlayırdılar. Peyğəmbər Muazı Yəmənə elçi göndərəndə ona demişdir: “Onlar arasında nə ilə hökm verəcəksən?” Muaz: “Allahın Kitabı ilə”- deyə cavab verdi. Peyğəmbər soruşdu: “Əgər Quranda tapa bilməsən?” Muaz: “Allahın elçisinin sünnəsi ilə”- deyə cavab verdi. Peyğəmbər soruşdu: “Əgər orada tapmasan?” Muaz: “Öz rəyimlə ictihad edəcəyəm”- deyə cavab verdi. Peyğəmbər onun sinəsinə vuraraq: “Allahın elçisinin elçisini Allahın elçisinin razı qaldığı cavaba müvəffəq edən Allaha həmd olsun!” - dedi.” (Musnəd imam Əhməd).

Səhabələr Quranın sözlərini mənaları ilə birlikdə öyrənirdilər. Beləcə, onlar Qurana Allahın buyurduğu şəkildə əməl edirdilər. Çünki, insanın bilmədiyi bir şeyə əməl etməsi qeyri-mümkündür. Səhabələr Peyğəmbərdən on ayə əzbərlədikdən sonra onu öyrənib əməl etməyincə, digər ayələrə keçməzdilər. Onlar belə deyirdilər: “Biz Quranı, onun mənalarını, habelə ona əməl etməyi birlikdə öyrənirdik.”

4. Tabiinlərin sözləri. Tabiinlər səhabələrdən sonra gələn nəsildir. Tabiinlər ən fəzilətli üç nəsildən biridir. Abdullah ibn Məsud rəvayət edir ki, Peyğəmbər demişdir: “Ən xeyirli insanlar mənim dövrümdə yaşayanlardır; sonra onların ardınca gə­lən­lər, sonra da on­ların ardınca gələnlərdir”. Tabiinlər təfsiri Peyğəmbərin səhabələrindən öyrənmişlər. Digər tərəfdən onların zamanında ərəb dili dəyişikliyə çox məruz qalmamışdı. Bu səbəbdən onlar başqaları ilə müqayisədə Quranı daha yaxşı anlayırdılar. Bəzi tabiinlər təfsir elmində mütəxəssis idilər. Məsələn, Mucahid ibn Cəbr, İkrimə, Qatədə, Əta ibn Əbu Rabəh, Səid ibn əl-Museyyib və başqaları daha çox fərqlənirdi.
5. Sözün lüğəti və şəri mənaları. Bəzən ayəni başa düşmək üçün sözün işləndiyi yerdən asılı olaraq onun şəri və ya lüğəti baxımdan mənasına baxılır. Uca Allah buyurur: “Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən(ən-Nisa, 105). Başqa bir ayədə buyurur: “Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız” (əz-Zuxruf, 3).

Lüğəti məna şəri mənaya müxalif olduqda, şəri məna əsas götürülür. Çünki Quran dili yox, şəriəti bəyan etmək üçün nazil olmuşdur. Yalnız lüğəti mənanın daha üstün olduğunu bildirən dəlilin olması istisnadır.

Paylaş: