Allah insana ikinci dəfə fürsət verirmi?

    21.04.2020
Kimdən: 
Lale
Sual: 
Her vaxtınız xeyir! Allah insana 2-ci fürset verirmi? Yoxsa insan birincini qiymetlenrmedi deye 2-i vermir? :(
Cavab: 

Əssələmu aleykum. Allahın Təalanın günah işləyən bəndələrinin günahların böyüklüyündən asılı olmayaraq tövbə etdikləri təqdirdə tövbələrini qəbul etməsi, onların günahlarını silməsi, hətta günahları savablarla əvəz etməsi Uca Allahın insana çoxlu sayda fürsət verməsinə dəlalət edir. Bu xüsusda Uca Allah belə buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53). 
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bir dəfə Allahın qullarından biri günah iş gördü və: "Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!"- dedi. Rəbbi buyur­du: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram". Bu adam Allahın istədiyi qə­dər (günah işlətmədən) yaşadıqdan sonra yenə günah iş gördü və: "Ey Rəbbim, mən yenə günah iş gördüm, günahımı bağışla!"- dedi. Allah bu­yurdu: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi var­dır. Mən onu bağışlayıram". Bu adam Allahın istədiyi qədər yaşa­dıqdan sonra bir daha günah iş gördü və: "Ey Rəbbim, mən ye­nə günah iş gördüm, günahımı bağışla!"- dedi. Allah buyurdu: "Mənim qu­lum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu üç dəfə bağışladım. Bundan sonra bu hal neçə dəfə təkrarlansa (qulum günah edib tövbə etsə) onu bağışlayacağam". (Səhih əl-Buxari, 6953, 7507; Səhih Muslim, 2758).
Başqa bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Günahdan tövbə edən kəs, bu günahı işlətməmiş kimidir". (İbn Macəh, 4250).
Hər bir insanın ölüm anına qədər tövbə etmək fürsəti vardır. Lakin, həyatda bəzi hallarda insana fürsət bir dəfə verilir. Bu barədə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Beş şey gəlməmişdən öncə bu beş şeydən istifadə edin: Ölməmişdən əvvəl həyatınızdan, xəstələnməmişdən əvvəl sağlamlığınızdan, məşğul olmamışdan əvvəl boş vaxtlarınızdan, qocalmamışdan əvvəl cavanlığınızdan, kasıblamamışdan əvvəl zənginlinizdən". ("Səhih əl-Cami" əsəri, 1077). 

 

Teqlər: 
Paylaş: