Quranın tərtibatı

    12.12.2019

Quran sözü oxuma, cəm etmə deməkdir. Quran Uca Allahın peyğəmbərlərin sonuncusu Muhəmmədə - ona və ailəsinə Allahın salavatı və salamı olsun - nazil etdiyi kəlamıdır. Quran Peyğəmbərimizə iyirmi üç il ərzində müxtəlif vaxtlarda nazil olmuşdur. Qısa surələrin çoxu birdəfəlik, əksər uzun surələr isə hissə-hissə nazil olmuşdur. Məkkə müşrikləri Muhəmməd peyğəmbərin dəvətinə kölgə salmaq, onu yalançı çıxartmaq üçün yəhudilərdən müqəddəs kitablar barəsində soruşurdular. Onlar Musa peyğəmbərə Tövratın birdəfəlik nazil olduğunu öyrəndikdə Muhəmməd peyğəmbərə məzəmmət edərək dedilər: “Nə üçün Quran ona birdəfəlik tam şəkildə nazil olmadı?” Buna cavab olaraq Uca Allah ona buyurdu: “Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik. Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək” (əl-Furqan, 32-33).
Uca Allah Peyğəmbərin və ona iman gətirənlərin qəlblərini möhkəmlətmək, şəriət qayda-qanunlarını ardıcıl şəkildə öyrətmək və kafirlərin atdığı şübhələri rədd etmək üçün Quranı tədricən nazil etmişdir.
Quran 114 surədə cəm olan ayələrdən ibarətdir. Quranda ayə sözü əlamət, işarə, ibrət, möcüzə və möcüzəvi hadisə kimi mənaları ifadə edir. Ayə başlanğıcı və sonu bilinən, bir və ya bir neçə sözlərdən ibarət olan Quran vəhyinin bir hissəsidir. Quran ayələri həcminə görə qısa və uzun olur. Quranın ən qısa ayəsi iki hərfdən ibarətdir. Bu "Ya sin" və "Ta ha" hərflərindən ibarət olan eyni adlı surələrin birinci ayələridir. Ən uzun ayə isə borc haqqında olan əl-Bəqərə surəsinin 282-ci ayəsidir. Bu ayə Quran nəşrlərində adətən bütöv bir səhifəni tutmaqdadır.
Bir qrup ayələri özündə cəm edən Quranın bir hissəsi surə adlanır. Surə sözü dərəcə, üstünlük, yüksək tikili, əlamət və dirək mənalarını daşıyır. Bu söz "suur" - hasar, divar sözündən əmələ gəlmişdir.   
Quran əl-Fatihə surəsi ilə başlayır və ən-Nas surəsi ilə də bitir. Quranın ən qısa olan əl-Kövsər surəsi cəmi üç ayədən, ən uzun olan əl-Bəqərə surəsi isə 286 ayədən ibarətdir. Quranın ət-Tovbə surəsindən başqa bütün surələr Allahın adı ilə başlayır. Quran adətən əvvəli uzun surələrdən başlayaraq qısalmağa doğru tərtib olunmuşdur. 
Peyğəmbər demişdir: “Mənə Tövratın yerinə yeddi uzun, Zəburun yerinə yüz ayəlik, İncilin yerinə tez-tez təkrarlanan surələr verildi və mən müfəssəl surələrlə üstün tutuldum”. (Səhih əl-Cəmi, 1059).   
Bu hədisdə “uzun surələr” dedikdə Quranın əvvəlində yer alan əl-Bəqərə, Ali İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf və ət-Tovbə kimi böyük surələr nəzərdə tutulur. Yüz ayəlik surələr yüz və daha çox ayədən ibarət olan surələrdir. Bunlar əl-Kəhf surəsi ilə başlayır. Tez-tez təkrarlanan surələr yüz və daha az ayədən ibarət olan surələrdir. Müfəssəl surələr isə əl-Hucurat surəsindən başlayaraq Quranın sonuna qədər olan surələrdir.
 

Paylaş: