Şirkin növləri
Şirk sözü iki şeyi bir-birinə bərabər tutmaq deməkdir. Şirk ibadətin hər hansı bir növünü Allahdan qeyrisinə həsr etmək, ona Allaha dua etdiyi kimi dua etmək, ondan Allahdan qorxduğu kimi qorxmaq, ona Allaha ümid bəslədiyi kimi ümid bəsləmək və onu Allahı sevdiyi kimi sevməkdir. Uca Allah buyurur: “İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər” (əl-Bəqərə, 165).
Allaha şərik qoşmaq ən böyük günah və Allaha qarşı edilən ən böyük haqsızlıqdır. Uca Allah buyurur: “Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: "Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!" (Loğman, 13).
Allaha şərik qoşan kimsə bu dünyada tövbə etməzsə, axirətdə əsla bağışlanmayacaq. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” (ən-Nisa, 48).
Uca Allah şərik qoşana Cənnəti haram etmiş və ona əbədi Cəhənnəm əzabını vəd etmişdir: "Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir"– deyənlər artıq kafir oldular. Məsih isə demişdir: "Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır" (əl-Maidə, 72).
Uca Allah şirkin bütün əməlləri batil etdiyini bildirərək buyurur: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan” (əz-Zumər, 65).
Qurani-Kərimdə bu mövzuda olan ayələr çoxdur və demək olar ki, Quran əsas etibarı ilə tək Allaha ibadət və ona zidd olan məsələlərdən bəhs edir.
Şirkin növləri
Şirk, böyük və kiçik olmaqla, iki növdən ibarətdir.
Böyük şirk Allahla yanaşı başqa bir tanrı qəbul edib ona Allaha ibadət etdiyi kimi ibadət etməyə deyilir. Bu növə namaz, oruc, dua, qurban kəsmək, nəzir demək və başqa ibadətləri Allahdan qeyrisinə həsr etmək aid edilir. Böyük şirk, sahibini İslamdan çıxarır, əməlləri batil edir və əbədi Cəhənnəm əzabına düçar edir. Uca Allah buyurur: “Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!” (əl-Muminun, 117).
Kiçik şirk dedikdə böyük şirkə vasitə olan, habelə ayələrdə və hədislərdə şirk adlanan, lakin böyük şirkin dərəcəsinə çatmayan əməllər və sözlər nəzərdə tutulur. Kiçik şirk, sahibini İslamdan çıxarmır, lakin ona böyük günah qazandırır.
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Allahdan qeyrisinə and içmək barədə demişdir: "Kim Allahdan qeyrisinə and içərsə, küfr və ya şirk etmişdir". (Əbu Davud, 3/ 570).
“Allah və sən istədin“ ifadəsi kiçik şirk sayılır. Rəvayət edilir ki, Abdullah ibn Abbas demişdir: "Bir dəfə bir kişi Peyğəmbərin yanına gəlib onunla bəzi məsələlər haqda danışdı və: "Allah və sən istədin" - dedi. Allahın elçisi buyurdu: "Məni Allaha bərabər etdin?! De: "Tək olan Allah istədi". (İbn Macə, 2117; ən-Nəsai, 10825).
Həmçinin, “Allah və filankəs olmasaydı” və ya, məsələn, “ördək olmasaydı, oğrular gələrdi”– demək kiçik şirkdir. İbn Abbas Uca Allahın “Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın” (əl-Bəqərə, 22) ayəsi barəsində demişdir: “Bu ayədə “tay” deyildikdə, qaranlıq bir gecədə qara daşın üzərindəki qarışqanın yerişindən də gizli olan şirk nəzərdə tutulur. Məsələn, biri deyir: “Ey filankəs! Allaha, sənin və mənim canıma and olsun”, yaxud “bu it və ya ördək olmasaydı, evimizə oğrular gələrdi”. Bir də insanın öz dostuna: “Allah və sən istədin”, yaxud “Allah və filankəs olmasaydı”– deməsidir. Odur ki, filankəsi bu işə aid etmə. Çünki bütün bunlar şirk hesab olunur.” (Təfsir İbn Əbu Hatim, 1/62).
Bu cür ifadələr işlətdikdə "Allah, sonra da filankəs istədi", "Allah, sonra da filankəs olmasaydı" demək lazımdır. Peyğəmbər demişdir: “Allah və filankəs istədi”– deməyin, “Allah, sonra da filankəs istədi”– deyin.” (Sünən Əbu Davud, 4980). Çünki "və" bağlayıcısı ilə deyildikdə məna cəm olunur və ortaqlıq ifadə edir. Lakin onu "sonra" sözü ilə əvəz etdikdə ardıcıllıq əmələ gəlir və bəndənin istəyi Allahın istəyinə tabe tutulur. Uca Allah buyurur: "Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!" (ət-Təkvir, 29).
Həmçinin, xeyir əldə etmək və ya şərdən qorunmaq üçün boyundan dua, sümük və ya muncuqdan olan həmail asmaq, eləcə də qola həlqə taxmaq bu növ şirkə aid edilir. Cahiliyyət dövründə ərəblər gözdəymədən qorunmaq üçün bunları asardılar. Uqbə ibn Amir rəvayət edir ki, Peyğəmbər belə demişdir: “Həmail asan kimsə Allaha şərik qoşmuş olur.” (Müsnəd Əhməd, 4/156; Müstədrək əl-Hakim, 4/244).
Həlqə dedikdə isə dəmir, qızıl, gümüş, mis və ya ipdən olan dairə nəzərdə tutulur. Uca Allah buyurur: “De: Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (əz-Zumər, 38).
İmran ibn Husayn demişdir: “Bir dəfə Peyğəmbər bir kişinin qolunda misdən bir həlqə gördü və ondan: “Bu nədir belə?”– deyə soruşdu. O dedi: “Taxıram ki, ağrılarımı azaltsın.” Peyğəmbər buyurdu: “Çıxart onu, çünki o sənin ancaq zəifliyini artırır, onu at getsin, əgər o sənin üzərində olduğu halda ölsən, heç vaxt nicat tapmayacaqsan.” (Musnəd İmam Əhməd, 4/445).
Bir dəfə Hüzeyfə ibn Yəmən bir kişinin qızdırmadan qorunmaq üçün əlinə bağladığı bir ipi qırdı və bu ayəni oxudu: “Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir” (Yusuf, 106).
Həmail, həlqə, ip və s. taxan kəs bunların öz gücü ilə təsir etdiyini etiqad edərsə, həmin şəxs böyük şirk etmiş olur. Çünki bu zaman o, Allahdan başqa idarə edənin olduğuna etiqad etmiş olur. Allah ona qoşduqları şəriklərdən ucadır. Yox, əgər etiqad etsə ki, təsir edən yalnız Allahdır, lakin bu həlqə, sap və s. sadəcə bir səbəbdir, bu zaman həmin şəxs kiçik şirkə yol vermiş olur. Çünki o, səbəb olmayan bir şeyi səbəb hesab edərək qəlbini qeyrisinə yönəltmiş olur.
Kiçik şirkin digər bir qismi istək və niyyətlərdə olan gizli şirkdir. Bu, insanın özünü göstərmək və insanların rəğbətini qazanmaq naminə əməl etməsidir. Buna riyakarlıq deyilir. Hər hansı bir əməldə riyakarlıq etmək əməli batil edir. Rəvayət edilir ki, Peyğəmbər səhabələrinə belə demişdir: “Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir.” Onlar soruşdular: “Kiçik şirk nədir, ey Allahın elçisi?” O buyurdu: “Bu, riyakarlıqdır. Uca Allah Qiyamət günü insanları mükafatlandıracağı zaman belə buyuracaq: “Dünya həyatında ikən əməllərinizi göstərdiyiniz kəslərin yanına gedin, qoy sizin mükafatınızı onlar versin.” (Musnəd İmam Əhməd, 5/428).
Görkəmli İslam alimi İbnul-Qeyyim demişdir: “İstək və niyyətlərdə olan şirkə gəlincə, bu, sahili olmayan dənizə bənzəyir və ondan qurtulanların sayı azdır. Kim öz əməli ilə Allahın rizasından başqa bir şey istəyər, Allaha yaxınlaşmaq və Ondan mükafat diləməkdən başqa bir şeyə niyyət edərsə, artıq niyyətində və istəyində Allaha şərik qoşmuş olar. İxlas isə əməli, sözü, istəyi və niyyəti xalis Allah üçün etməkdir. Bu, Allahın bütün bəndələrinə əmr etdiyi hənif olan (ixlasla Allaha ibadət edən) İbrahimin dinidir. Uca Allah bundan qeyri dini heç bir kəsdən qəbul etməz. Bu, həqiqi İslamdır. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (Ali İmran, 85). Bu, İbrahimin - əleyhissəlam – dinidir, kim ondan üz çevirərsə, səfehlərdən olar.” (əl-Cəvab əl-Kafi, səh 115).