"Əgər siz fəsad törətməyə qayıtsanız, Biz də sizi cəzalandırmağa qayıdarıq" (əl-İsra, 8) ayəsinin izahı
Aleykum salam. əl-İsra surəsinin 6-cı ayəsi özündən əvvəlki və sonrakı ayələrlə əlaqəlidir. Uca Allah əl-İsra surəsinin ilk ayələrində (4-8-ci ayələrdə) İsrail oğullarına müraciət edərək buyurur: "Biz Kitabda İsrail oğullarına: "Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz" - deyə xəbər verdik. İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb sizi axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi. Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə Qüdsdəki məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə düşmənlərinizi üstünüzə göndərdik. Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz fəsad törətməyə qayıtsanız, Biz də sizi cəzalandırmağa qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik". (əl-İsra, 4-8).
Şeyx Abdur-Rahmən əs-Sə'di (Allah ona rəhmət etsin) bu ayələrin təfsirində demişdir: "Biz Kitabda İsrail oğullarına: "Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz"– deyə xəbər verdik". (əl-İsra, 4).
Uca Allah bu ayədə bildirir ki, O, İsrail oğullarının yer üzündə mütləq iki dəfə azğınlıq törədəcəklərini, cinayətlərə yol verəcəklərini, Allahın mərhəmətinə qarşı nankorluq edəcəklərini və bu zaman olduqca görünməmiş təkəbbürlülük göstərəcəklərini öncədən öz Kitabında bildirmişdi. Uca Allah vəd etmişdi ki, bu azğınlıqları ərəfəsində düşmənləri onlara üstün gələcək və onları əzab-əziyyətə düçar edəcəklər. Bununla Allah onları itaətsizlik göstərməkdən çəkindirmişdi ki, bəlkə də onlar düz yola gəlib nəsihətləri xatırlayaydılar.
"İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb sizi axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi". (əl-İsra, 5).
İsrail oğulları yer üzündə ilk azğınlığa başladıqları zaman onların üstünə çoxsaylı cəsur və mükəmməl hazırlanmış döyüşçülər hücum etdilər. Bu, Allahın qədəri ilə onların törətdiklərinin cəzası olaraq baş verdi. Allah İsrail oğullarının düşmənlərinə imkan verdi ki, onların kişilərini öldürsünlər, uşaqlarını əsir götürsünlər və onların mal-mülkünü ələ keçirsinlər. Nəticədə düşmənlər onların evlərinə soxuldular, müqəddəs məscidə girdilər və onu talan etdilər. Allahın vədi yerinə yetdi, bundan qaçmaq mümkün deyildi, çünki, belə olması üçün bütün əsaslar artıq törədilmişdi.
Quranı təfsir edənlər İsrail oğulları üzərində qələbə çalanların kimlər olması mövzusunda müxtəlif rəylər söyləmişlər. Lakin, onlar bir məsələdə həmrəy idilər ki, o da işğalçıların kafirlərdən olmasıydı. Bunlar İraqın, Ərəb yarımadasının və ya digər yerlərin əhalisindən idilər. Allah onlara, İsrail oğulları üzərində qələbə çalmağa ona görə icazə vermişdi ki, sonuncular saysız günahlara batmış, Allahın şəriətinin tələblərini yerinə yetirməkdən imtina etmiş və yol verilən hədləri aşmışdılar.
"Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq". (əl-İsra, 6).
Sonradan Uca Allah İsrail oğullarına düşmənlərinin öhdəsindən gəlməyə və kafirləri öz torpaqlarından qovmağa kömək göstərdi. Bununla yanaşı Allah İsrailin oğullarına var-dövlət, övladlar və güc-qüdrət əta etdi. O, onların cərgələrini artırdı və bu onların dindarlığı və Allaha mütiliklərinin nəticəsində oldu. Lakin, az keçmədi ki, onlar yer üzündə ikinci dəfə azğınlığa başladılar və belə olduqda, Allah yenə də düşmənlərinin onlara qələbə çalmasına imkan verdi.
"Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə Qüdsdəki məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə düşmənlərinizi üstünüzə göndərdik". (əl-İsra, 7).
Yəni, ey İsrail oğulları! Əgər siz saleh əməllər edirsinizsə, onda bu sizin öz xeyrinizədir, çünki, əməllərinizin faydası sizin özünüzə çatır. Bu, siz hələ dünya həyatında olarkən baş verir və siz düşmənləriniz üzərində qələbə çalarkən buna əmin ola bilərdiniz. Yox, əgər siz günah işlədirsinizsə, onda ancaq özünüzə zərər vurursunuz və düşmənləriniz sizə qalib gəldikdə, Allah sizi buna da inanmağa məcbur etdi. Siz zülm edirsiniz və buna görə qəm-qüssəyə düçar olacaqsınız. Düşmənlər üstünüzdə hökmranlıq edəcək və sizi əsir götürəcək. Onlar Qüdsdəki müqəddəs məscidə soxulacaq, əllərinə keçən hər şeyi darmadağın edəcəklər. Onlar sizin evlərinizi və məscidlərinizi viranə edəcək, əkin sahələrinizi və zəmilərinizi xarabalığa çevirəcəklər.
"Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz fəsad törətməyə qayıtsanız, Biz də sizi cəzalandırmağa qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik". (əl-İsra, 8).
Uca Allah İsrail oğullarını əfv edərək, onlara növbəti dəfə yardım göstərmişdir ki, kafirlərə üstün gəlsinlər və qüdrətli bir dövlət yaratsınlar. Amma Allah bir daha Ona itaətsizlik göstərəcəkləri və yer üzündə fitnə-fəsad törədəcəkləri təqdirdə onları şiddətli cəza verəcəyi ilə təhdid edir. Elə hər şey belə də oldu. Onlar itaətsizliyə qayıtdılar və onda Allah Elçisi Muhəmmədə (salləllahu aleyhi və səlləm) onlara qalib gəlməyə imkan verdi. Allah Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əli ilə İsrail oğullarından intiqam aldı və bu, hələ bu dünyada ikən onlar üçün əvəz oldu. Axirətdə isə onları daha dəhşətli və rüsvayedici cəza gözləyir. Bax elə buna görə Allah buyurur ki, Cəhənnəmi kafirlərdən ötrü zindan etmişdir. Onlar oraya atılacaq və orada əbədi qalacaqlar.
Bu ayə həmçinin, Muhəmməd Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ümmətini də günah törətməkdən çəkindirir, çünki, onlar yalnız bu cür (Allaha və Peyğəmbərinə itaət etməklə) İsrail oğullarının başına gəlmiş bədbəxtliklərdən qoruna bilərlər. Həqiqətən, Allahın qanunları hamı üçün eynidir — onlar dəyişmir və təhrif olunmur. Əgər insan, kafirlər və zalımlar müsəlmanlar üzərində qələbə çalanda, bu barədə düşünsə, ona aydın olar ki, məğlubiyyətin səbəbi müsəlmanlar tərəfindən törədilən günahlardır. Allahın cəzası beləcə acı olur. Əgər müsəlmanlar Quranı və Sünnəni (hədisləri) əllərində rəhbər tutsaydılar, Allah yer üzündə onların hakimiyyətini mütləq təsdiq edər və onlara rəqibləri üzərində qələbə qazanmağa kömək göstərərdi.