Bağçada işləyən aşpazın bağçadan evə gətirdiyi ərzaqlar halaldırmı?
Aleykum salam. Qaynananızın uşaq bağçasından uşaqlar üçün nəzərdə tutulmuş ərzaqları götürməsi oğurluq sayılır və haramdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir. Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır". (ən-Nisa, 29-30). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "...Bizi aldadan bizdən deyildir". (Səhih Muslim, 1/99/102, İman, 104). Bu səbəbdən sizin üzərinizə düşən bacardığınız qədər bu ərzaqlarla bişirilən yeməklərdən çəkinməkdir. Əgər çəkinmək mümkün deyilsə, yəni evdə bişən yeməklər yalnız bu ərzaqlardan bişirsə, bu halda sizə buna görə günah yazılmır. Lakin, sizin üzərinizə düşən gözəl şəkildə qayınananızı başa salmaq və onu bu əməldən çəkindirməkdir. Qaynananıza bildirin ki, haram yemək duaların qəbul olunmamasına səbəbdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: "Ey Rəbbim! Ey Rəbbim" deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun?" (Səhih Muslim, 1686). Həmçinin oxuyun:
Başqasının günah etdiyini görüb ona mane olmamaq günahdırmı?
Həlakedici günahlar