Tövbə etdikdən sonra təkrar günaha qayıdan nə etməlidir?
Aleykum salam. Hər hansı bir günahdan tövbə etmək etdiyin günaha görə peşman olub, Allahdan bağışlanma diləmək və bu günaha bir daha qayıtmamağa söz verməkdir. Bununla yanaşı insan günaha aparan vasitələrdən və insanlardan uzaqlaşmağa çalışmalıdır. Bəzən şeytan insanı yoldan çıxarır və insanı yenidən bu günaha qaytarır. Belə olan halda insan dərhal yenə tövbə edib günahı tərk etməyə çalışmalıdır. Bu hal dəfələrlə təkrarlansa belə tövbə etdiyi müddətcə Uca Allah qulunu bağışlayır. Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: "Bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Birimiz günah etikdə (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə baş verir)?" O buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə baş verir)?" O buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz". (Səhh əl-Buxari, 3/38, 39, 43; Səhih Muslim: 215, 220). Daha ətraflı:
Tövbə etsəm, Allah bağışlayarmı?
Günahdan necə əl çəkim?